Xəbər lenti

Rusiya və Türkiyə arasında nə baş verir? (ŞƏRH)
Dünya 19:42 05.07.2024

Rusiya və Türkiyə arasında nə baş verir? (ŞƏRH)

"Moskva və Ankaranın arasını heç kim vurmur. Tərəflər özləri məsafəli davranırlar".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Rusiya Prezidenti Putinin Astanada Moskva ilə Ankaranın arasını bəzi qüvvələrin vurmağa çalışdığı barədə fikirlərini şərh edərkən deyib.

Aazər Qasımov hesab edir ki, Putinin Türkiyə ilə Rusiyanın arasını vurmağa çalışan kimlərinsə olması fikri sadəcə olaraq, publikaya oynamağa hesablanmış açıqlamadır:

"Həmişə görünən o olub ki, Ankara Moskvaya qarşı və ya əksinə loyal olub. Hətta məsələ o yerə çatıb ki, Rusiya öz strateji silahını, yəni Hava Hücumundan Müdafiə sistemi olan S400-ləri belə düşmən hesab olunan bir təşkilatın üzvü olan ölkəyə satıb". 
 


Həmsöhbətimiz ABŞ-ın Türkiyə-Rusiya əlaqələrinə mane ola bilmədiyi qənaətindədir:

"Türkiyə-Rusiya münasibətlərinə Putinin dediyi kimi, kimlərsə yox, Rusiyanın ambisiyaları və maraqları əsas olub. Suriyada ABŞ-la birlikdə Türkiyənin qarşısında Membicdə, Tel-Rıfatda, Kobanidə dayanan Rusiya olub. İndi də İdlibdə Rusiya Suriya ordusu ilə birlikdə Türkiyəyə qarşı  mövqe alıb. Sonra Liviyada general Hafterin arxasında Rusiya ABŞ-la birlikdə dayanıb. Hesab edirəm ki, bu faktları artırmaq da olar. Məsələn, ikinci Qarabağ müharibəsində. Türkiyə olmasa idi Rusiya Azərbaycanın qələbəsinə imkan verməzdi. Təbii ki, başını Ukrayna bataqlığına salana kimi”. 
 
Azər Qasımov hesab edir ki, Moskva və Ankaranın arasını heç kim vurmur:

"Tərəflər özləri məsafəli davranırlar. Əgər hansısa məqamda bir-birilərinə güzəştə gedirlərsə, bunu məcburiyyətindən edirlər. Çünki bir-birilərinə ehtiyacları var. Türkiyə yeri gələndə sərbəst şəkildə Rusiyanın mövqeyinə zidd addımlar atır. Məsələn, Finlandiya və İsveçin NATO-ya qəbuluna razılıq verməklə və ya Ukraynanın "Azov" batalyonunun əsgərlərini müharibənin sonuna kimi Türkiyədə saxlamağa razılaşıldığı halda, geri Ukraynaya qaytarmaq kimi məsələlərdə". 

Bundan əvvəl, Rusiya prezidenti Vladimir Putin Astanada olarkən jurnalistlərin sualına cavab olaraq bəyan edib ki, Moskva ilə Ankaranın arasını vurmağa çalışan ölkələr var. Lakin o həmin ölkələrin konkret olaraq adlarını çəkməyib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->