İdman 21:09 31.01.2023

"Yuventus"un cəzasının əsaslandırılmış qərarı açıqlandı

İtaliya nəhəngi "Yuventus"un maliyyə pozuntularına yol verdiyi üçün 15 xalının silinmə cəzasının əsaslandırılmış qərarı açıqlanıb.

Qaynarinfo-nun məlumatına görə, ədalətsiz kapital qazancına görə İtaliya Futbol Federasiyasının "Yuventus"a verdiyi cəza ilə bağlı faktlar açıqlanıb. 36 səhifəlik əsaslandırılmış qərarda "ağ-qaralar”ın idman baxımından da intizam pozuntusuna yol verdiyi bildirilib. "Yuventus”un müvafiq idman qaydalarını uzun müddət və dəfələrlə pozması, hüquqlarından məhrum edilmiş klub rəhbərlərinin bu barədə məlumatlı olması cəzaların əsas səbəbini təşkil edib. Əsaslandırılmış məlumatda "Yuventus”un maliyyə hesablarının etibarlı olmadığı da bildirilib. Cəzanın yüksək olmasının səbəbi "Yuventus"un ədalətsiz kapital qazanmlarının idman yarışını poza biləcək səviyyədə olması ilə izah edilib. "Yuventus"la birgə ittiham olunan, lakin heç bir cəza almayan digər 8 klubla bağlı konkret sübut tapılmadığı vurğulanıb.

Mətbuatda "ağ-qara"ların əsaslandırılmış qərardan sonrakı 30 gün ərzində sözügedən cəzalardan şikayət etmək hüququna malik olduğu və bu etirazın yaxın günlərdə ediləcəyi bildirilirdi. Digər tərəfdən, "Yuventus"la bağlı maliyyə pozuntularından biri, futbolçulara maaş ödənişləri ilə bağlı araşdırmalar da davam edir. Artıq bununla bağlı İtaliya mətbuatında "ağ-qaralar”ın başqa cəzalar ala biləcəyi xəbərləri də yer almışdı.

Bu arada, "Yuventus" 15 xalın silinməsindən sonra evdə keçirdiyi son iki oyunda qələbə qazana bilməyib. Bu oyunlardan biri "Atalanta"ya (3:3), digəri "Monza"ya (0:2) qarşı olub. 

Silinmə cəzası ilə turnir cədvəlinin ortasına qədər enən "Yuventus” hazırda 23 xalla 13-cü pillədə qərarlaşıb.

Səbuhi Həsənov