Ölkə 10:07 05.09.2022

Zaqatala, Qəbələ və Oğuzda yanğınlarla bağlı son vəziyyət

Zaqatala, Qəbələ və Oğuz rayonlarında yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Bu barədə Qaynarinfo-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Xatırladaq ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə yanğın baş verib. FHN-in müvafiq qüvvə və texnikaları, o cümlədən 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Sentyabrın 2-dən etibarən isə Oğuz və Qəbələ rayonlarında meşə yanğınları başlayıb.