Xəbər lenti

Zəngəzur uğrunda müharibə olacaqmı?
Siyasət 12:16 16.09.2023

Zəngəzur uğrunda müharibə olacaqmı?

"Sırf Zəngəzur dəhlizi uğrunda tərəflər arasında müharibə olacağına inanmıram".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli dalana dirənən Zəngəzur dəhlizinin açılması üçün hərbi toqquşmanın qaçılmaz olub-olmayacağına aydınlıq gətirərkən deyib.

"Azərbaycanın Ermənistan ərazisinə daxil olmaq niyyəti yoxdur. Zəngəzuru Ermənistan ərazisi kimi tanımışıq və bunu dəfələrlə bəyan etmişik. Azərbaycan tərəfinin dəhlizin açılması üçün müharibə variantına getməsi real deyil. Bu, ölkəmizin apardığı siyasətə uyğun deyil. Ermənistanın bu istiqamətdə göstərdiyi müqaviməti isə siyasi və diplomatik yolla tədricən aradan qaldırmalıyıq", deyə Qulamhüseyn Əlibəyli bildirib.

Həmsöhbətimiz ABŞ-ın Türkiyə və Azərbaycana qarşı Ermənistan tərəfdən müharibəyə başlayacağını da düşünmür: 
 


"Düzdür, ABŞ Cənubi Qafqazda möhkəmlənmək istəyir. Amma Ermənistan elə də geostrateji əhəmiyyətə malik deyil ki, ABŞ onun vasitəsilə bölgədə, bu dəfə Zəngəzur uğrunda mürahibəni yenidən alovlandırsın".

Qeyd edək ki, Türkiyəli siyasi analitik Hüsamettin İnaç Paşinyanın ABŞ-ın ciddi dəstəyini almaqla müharibənin yenidən alovlanmasını istədiyini bildirib: 

"Ermənistanın baş naziri elə bir müharibənin baş verməsini istəyir. Çünki belə olan halda, ABŞ-ın İrəvana ciddi dəstək verəcəyini düşünür. Təlimlər çərçivəsində İrəvana 85-100 arası amerikalı əsgərin gəlməsinə baxmayaraq, Ermənistana çox ciddi hava hücumundan müdafiə vasitələri, yeni növ silahlar, texnikalar verildi. Ermənilər bu dəfə müharibə olarsa, ABŞ-ın onlara dəstək verəcəyini düşünürlər”. 

H.İnaç Zəngəzur dəhlizinin açılması üçün hərbi toqquşmanın qaçılmaz olduğunu deyib: 

"Qərb, xüsusilə amerikan-ingilis ittifaqı bölgədə son baş verənləri bir fürsət olaraq görür və burada öz mövcudluğunu təmin etməyə çalışır. Bunun üçün isə Zəngəzur dəhlizinin açılmaması və regiondakı gərginliyin azalmamasını istəyir. Hazırda həm Ermənistan, həm də Azərbaycanın şərti sərhəddə möhkəmlənməyə çalışdığı bir zamanda, prosesin Zəngəzur uğrunda döyüşlə nəticələnmə ehtimalı var”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->