(Yazı "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusu üzrə hazırlanıb.)
Azərbaycanda, xüsusən də paytaxt Bakıda son illər tullantıların lazımi yerlərə atılması məsələsində müəyəyn irəliləyişlər əldə edilib. İndi yaşayış binalarının, demək olar, hər biri ətrafında zibillərin tullanması məntəqələri yaradılıb. Bunun üçün də həmin ərazilərdə lazımi qədər konteynerlər quraşdırılıb. Digər tərəfdən, qarışıq tullantılar üçün ayrı, digər tullantılar üçünsə başqa konteynerlər qoyulub.
Lakin problem odur ki, vətəndaşların əksəriyyəti hələ də tullantıları ya harda gəldi atmaqda davam edir, ya da yerləşdirilən konteynerlərin hansının hansı məqsəd daşıdığından bixəbərdirlər. Belədə isə bir çox hallarda atılan tullantılar yenə də ətrafa pis qoxu yaymaqda, atmosferi çirkləndirməkdə davam edir.
Görəsən, daha hansı addımlar atılmalıdır ki, paytaxt sakinləri bütünlüklə tullantıların atılması məsələsinə ciddi yanaşsınlar?
Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirir ki, bu, Azərbaycanda ən ağrılı məsələlərdəndir.
Onun fikrincə, sözügedən problemin həlli üçün ilk növbədə ciddi təbliğat aparılmalıdır:
"Problemin həlli üçün müəyyən tədbirlər görülməlidir, ciddi təbliğat aparılmalıdır. Bu işə əsas töhfəni isə televiziyalar verə bilər. Televiziyalarda vətəndaşların tullantıları hara və necə daşıması ilə bağlı təbliğatın aparılmasına ciddi ehtiyac var. Tullantı birinci növbədə yarandığı yerdə çeşidlənməlidir. Hazırda Bakının, demək olar, bütün rayonlarında tullantıların çeşidlənməsi prosesi həyata keçirilir. Tullantı toplanış məntəqələrinə tünd yaşıl və narıncı rəngli tullantı konteynerləri qoyulub".
Həmsöhbətimiz qeyd edir ki, vətəndaşların əksəriyyəti hələ də tullantı konteynerlərinin rəngli olmasının mənasını başa düşmürlər:
"Onlar elə bilir ki, bu rənglənmə sadəcə bəzək üçündür. Halbuki yaşıl qutular qarışıq tullantılar, narıncı qutu isə kağız, dəmir, plastik, şüşə və s. tullantılar üçün nəzərdə tutulub. Əhatəli təbliğat aparılmadığından əksər vətəndaşlar da həmin qabların təyinatı barədə məlumatsızdır. Bu istiqamətdə reklam çarxları çəkilə, lövhələr quraşdırıla bilər. "Təmiz Şəhər" layihəsi çərçivəsində Qala kəndində tullantıların toplanış məntəqələrinə gedən yollarda işarələr və tullantının necə yerləşdirilməsi və qablaşdırılması barədə təbliğat plakatları da qoyulub. Bu tendensiya kütləvi xarakter daşısa, vətəndaşarımız da tullantıların atılmasında ekoloji vəziyyətə zidd olan səhlənkarlığa yol verməz”.
Ekspertə görə, proses orta məktəblərdə də geniş təbliğ olunmalıdır:
"Bu barədə uşaqlara da məlumatlar verilməlidir. Orta məktəb dərsliklərində də məsələyə geniş yer verilməlidir. Qarışıq tullantılar polietilen torbalarda elə qablaşdırılmalıdır ki, onun qoxusu ətrafa yayılmasın. Bəzi hallarda valideynlər tullantının daşınmasını uşaqlara həvalə edirlər ki, onlar da onu konteynerin ətrafına tullayırlar”.
Ekspert məsələ ilə bağlı mövcud olan hüquqi bazanın işlək mexanizmə çevrilməsini də vacib hesab edir:
"Artıq tullantını lazımi yerə atmayan vətəndaşlar üçün inzibati cəza məsələsi də həllini tapıb. Bu məsələ İnzibati Xətalar Məcəlləsilə tənzimlənir. Amma məsələ ondadır ki, vətəndaşı bunda ittiham etmək üçün hər hansı bir qurumun əlində sübut, dəlil olmalıdır. Yəni hüquqi baza var, sadəcə olaraq təbliğat aparmaq və hüquqi bazanı işlək mexanizmə çevirmək lazımdır. Bunun üçün də tullantıların atıldığı ətraflarda müşahidə kameraları quraşdırıla bilər”.
Rüfət Sultan
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır
Şərhlər