"Bu görüş formal olaraq Baykal-Amur magistral xəttinin (BAM) 50 illiyinə həsr edilmişdi. Gələcəyin böyük geosiyasi seçiminə hesablanmış görüş idi".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Moskvaya səfərini şərh edərkən deyib.
Arif Əliyevin fikrincə, Rusiya düşünür ki, Ukraynada savaşın hazırkı mərhələsində qələbə qazanacaqsa, onun Qərb tərəfindən izolyasiyası daha da güclənəcək:
"İstənilən halda, bu daha uzun müddətli bir izolyasiya olacaq və onu ikinci böyük soyuq müharibə adlandırırlar. Belə şəraitdə Moskva Qərb tərəfindən ciddi təzyiqlərə məruz qalan 3 ölkə - Rusiya, Çin və İran arasında əməkdaşlıq xətti qurur. Həmin xətti 1977-ci ildə Bjezinski gələcək üçün ən təhlükəli ssenari adlandırıb. Düşünürəm ki, Putin Azərbaycanı da bu ideyaya cəlb etmək istəyir. Təsadüfi deyil ki, danışıqların müzakirə mövzusunda dəfələrlə səslənən əsas komponent məhz nəqliyyat komponenti olub".
Ekspert vurğulayıb ki, Putin çıxışında hətta bir dəfə Şərq platformasının yaradılması kimi açar söz işlətdi:
"Çünki belə bir platforma yaradılacaqsa, Azərbaycan istənilən halda bu xəttin üstündə olacaq".
Arif Əliyev deyib ki, Bakının yanaşma tərzinin necə olacağını söyləmək çətindir:
"Azərbaycanın bunun bütün təhlükəsizlik risklərini, Qərbdə doğuracaq reaksiyanı və hansı təzyiqlərlə nəticələnə biləcəyini nəzərə alır. İlham Əliyev çıxışının ictimaiyyətə açıq olan hissəsində yalnız Şimal-Cənub yolu və onun üzərində Azərbaycanın gördüyü və görə biləcəyi işləri qeyd etməklə kifayətləndi".
Qeyd edək ki, aprelin 22-sə Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya səfər edib. Səfər çərçivəsində o, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Rüfət Sultan
Şərhlər