Xəbər lenti

Məqsəd Nur
Ölkə 17:19 31.05.2024

"Köhnə kişi" kimdir?

Uşaq vaxtı bizi belə öyrətmişdilər: yolda özündən böyük (söhbət yalnız kişi cinsindən gedir) görəndə kənara çəkil, gözlə, sənə salam verməyincə salam vermə, əl uzatmayınca əl uzatma. 

Bu qaydalar məni o qədər əzirdi ki, qaydaları pozduğuma görə bir dəfə anam tərəfindən xüsusi tənbeh olunmuşdum. Sonralar, hər dəfə o vaxtları xatırlayarkən elə bilirdim, belə qaydalara riayət etməklə kilsəyə gedən balaca rahib olmuşam, qarşıdan gələn "böyük" isə müqəddəs ata... 
Sanki bizə heç vaxt çərçivələrindən çıxa bilməyəcəyin and müqaviləsi imzalatmışdılar. Amma o and müqaviləsi müddətsiz deyilmiş. Çünki zaman bütün qaydaları özü istədiyi kimi dəyişir. 

"Müqəddəs ata"ların məzlumluqlardan və oturuşmuş qaydalardan necə sui-istifadə etdiklərini isə bu gün də görürük. Bir vaxtlar dövlət büdcəsini talayan kolxoz sədrləri də, indi saxta səslə "millət vəkili" seçilib pul paylayan oliqarx da, yalançı hacı da, əlinə fürsət düşsə, ətrafındakı bütün gələcək nəslin kökünü kəsməyə hazır olan xalq yazıçısı da köhnə kişi statusu ala bilər. Əslində isə köhnə kişi yoxdur, müəyyən zaman kəsiyinin ənənələri var. Bu bir sosial statusdur. Onun kölgəsinə sığınanları isə hələ də gözlə görürük. 

Tanınmış bir şahmatçının köhnə kişi nostaljisi ətrafında gedən qızğın mübahisələr nədənsə məni Azərbaycanda feminizmin vəziyyətini müşahidə etməyə vadar etdi. Qəfil anladım ki, get-gedə feminizm də soluxur. Xüsusilə, daim özünü barbi gəlinciyinə bənzədən, kişi mövzusu eşidən kimi çəhrayı pantera kimi vurnuxan bir feministi görəndə bunu anladım. Onun çöhrəsi də soluxub... Təkamül qaydalardan çıxanlara qarşı gec-tez amansızlıq edir. Nə köhnə kişilər, nə də ultrafeministlər təbii seçmənin və təkamülün qarşısını ala biləcəklər. Təbiətin qanununa görə, biri digərini əvəzləyəcək və bu zaman həmin digər təbii varlığın yerini tutacaq. Elə ona görə də nə patriarxal qayıdacaq, nə də matriarxal. 

Amma ürəyimə damıb ki, başqa bir təhdid gəlir: görəsən, feminizm cinslərin müəyyənləşdirilə bilməməsindən qorxduğuna görəmi beləcə soluxur? Bu suala cavab vermək qabiliyyət və imkanlarına malik deyiləm.

Köhnə kişi Ədalətli kişidir, Haqqı nahaqqa verməyən İnsandır.. Köhnə kişilər Birinci və İkinci Qarabağ Müharibəsində qaçıb gizlənməyən kişilərdir. Onlar heç vaxt özlərini Müqəddəs Ata kimi aparmazlar, bilirəm. 

Onlardan sonra nə gələcək, bilmirəm...

Məqsəd Nur

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->