Xəbər lenti

Dünya 21:30 21.09.2023

"Rusiya Zelenskinin şərtlərini qəbul edə bilməz” - Ekspert

"Zelenskinin səsləndirdiyi həmin tələblərin bu gün həyata keçməsi real deyil”. 

Bunu Qaynarinfo-ya açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev Ukrayna prezidenti Volodirmi Zelenskinin müharibəni bitirmək üçün Rusiyaya qarşı irəli sürdüyü tələbi şərh edərkən deyib. 

Ekspert bildirib ki, Rusiya nə qədər böhran vəziyyətində olsa, sanksiyalarla üz-üzə qalsa da, ciddi bir dönüş olmadan Moskva öz marağına zərbə vuracaq addımlara getməyəcək:



"Zelenskinin BMT Baş Assambleyasında çıxışı bir dövlət başçısı olaraq əslində yerində verilən və vacib bəyanatdır. Ortaya maksimum tələblər qoyulmalıdır ki, danışıqlarda nəyəsə nail olunsun. Lakin yaxın gələcək üçün Zelenskinin sülh planının reallaşacağını düşünmürəm. Zelenski hazırkı Rusiya hökuməti nümayəndələrilə hər hansı bir danışıqların olmayacağı barədə bir il bundan əvvəl rəsmi sənəd imzalayıb. Bu fakt onu göstərir ki, tərəflər bir-birinə qarşı diplomatik savaş aparır. Belə vəziyyətdə sülh danışıqlarına gedilməsi imkansızdır”. 

Həmsöhbətimizin fikrincə, Zelenski bu bəyanatı verməklə ilk növbədə çalışır ki, Rusiyanı qoyulan şərtlərin müzakirəsinə cəlb etsin: 

"Gələcəkdə Rusiyanın mövcud situasiyada güzəştlərə getməyə hazır olub-olmadığı bilinəcək. Bu gün üçün isə həmin məqam hələ ki, yetişməyib”. 

Qeyd edək ki, Zelenski BMT iclasında müharibənin bitməsi üçün özünün sülh planını elan edib. Bu plan iki tələbdən ibarətdir: Rusiya ordusunun Ukraynanın 1991-ci il sərhədlərinə doğru geri çəkilməsi və bütün dövlət sərhədləri, Qara dəniz, Azov dənizi və Kerç boğazındakı iqtisadi zonalara nəzarətin Kiyevə qaytarılması. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->