Siyasət 16:29 08.12.2023

Tofiq Zülfüqarov: "Bakı və İrəvan sülhə hazırdır, amma sülhə hələ çox var"

"Bu bəyanat onu göstərir ki, tərəflər sülh gündəliyinə sadiqdirlər".
 
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə Ermənistan Respublikası Baş naziri Aparatının yaydığı birgə açıqlamanı şərh edərkən deyib.

Sabiq nazir bildirib ki, açıqlamada qarşılıqlı etimadı yüksəltmək üçün konkret addımların atılması qeyd edilir:



"Birgə açıqlamanın nəticələrinə gəlincə, bu hələ də sual altındadır. Bu da Ermənstan tərəfinin mövqeyilə bağlıdır. Belə ki, İrəvandan bu cür  bəyanatları çox eşitmişik. Vəziyyət hələ də olduğu kimi qalır. Elə bir ciddi proses baş verməyib. Nə baş verib ki? Sadəcə, əsirləri dəyişiblər. Bu da ciddi nikbinlik üçün kifayət etmir".

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Burada bildirilir ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşürlər:

"İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin  Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub. Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir. Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir. 

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası  və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş  niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir. 

Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar. 

Rüfət Sultan