Amal Abuşov
İdman 17:50 09.03.2023

Yad Alesio və doğma Qəmbərov

AFFA-nın rəsmi saytına baxdım. "Millimiz Polşa yığması ilə qarşılaşıb” başlığı gözümə dəydi. Xeyli hüznlü başlıqdır. 

Bu da səbəbsiz deyil. İllərdir beləsinə adət etmişik. Azərbaycanın yığma komandaları qalib gələndə başlıqlarda "Millimizdən möhtəşəm qələbə”, "Yığmamız qələbə qazandı”, "Komandamız filan rəqibi məğlub etdi” tipli başlıqlar görürük. Amma uduzanda qarşımıza belə lakonik və qəmli başlıqlar çıxır. Tale elə gətirib ki, məğlubiyyətlərin, deməli, bu cür qəm qoxan, adamı kövrəldən başlıqların sayı çox olur.

Yəqin ki, artıq xəbəriniz var, Azərbaycanın futzal millisi Polşaya 2:7 hesabıyla məğlub olub. Rəqibin adını eşidib, "burda nə var ki, polşalılar güclüdü” deməyə tələsməyin. Yunanıstan, Polşa kimi ölkələr futbolda bizi qabaqlasalar da, futzalda belə deyil. Avropanın əksər ölkələri futzala futbol qədər diqqət və maliyyə ayırmır. İdmanın bu növünə oralarda həvəskar yarış kimi baxırlar, bu və ya digər səbəblərdən böyük futbola davam edə bilməyənlər futzala yönəlir, özlərini "parket üzərində” sınayırlar. Bununla da top oyununa olan həvəslərini öldürür, bir növ böyük futbolu imitasiya edirlər. Amma bizdə belə deyil axı. İllərdi AFFA futzala külli miqdarda pul ayırır, ara-sıra burda qazanılan uğurları da böyük həvəslə təqdim etməyə çalışırlar. 

Məlum məsələdi ki, futzal futbol qədər xərc tələnb etmir. Çünki böyük meydançalar lazım deyil, nə də onları saxlamaq üçün xərclər. Azərbaycanda bu gün gənclərin böyük əksəriyyəti top qovmağa meyillidir. Bakıdakı mini-futbol meydançaları, qapalı və açıq stadionları hər axşam dolub-boşalır, hansısa saatda orda oynamaq üçün əvvəlcədən növbə tutmaq, avans ödəmək lazımdı. Bu faktın özü ondan xəbər verir ki, gənclərimizin futzala böyük marağı var. Kütləvilik olan yerdə isə istedadları üzə çıxarmaq daha asandır. Əsas olan bu işi təşkil etmək, mütəxəssislərin köməyindən yararlanmaqla kompleks tədbirlər həyata keçirməkdir. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov eyni anda bir neçə işlə məşğuldur. Ona görə də futzalla maraqlanmağa, onun problemlərini həll etməyə zamanı çatmır. Təəssüf ki, cənab Axundov əlindəki "qarpızların” birini yerə qoymaq, futzal federasiyasına rəhbərlikdən könüllü imtina etmək fikrində deyil. Bundan isə Azərbaycan futzalı əziyyət çəkir.

Zaur Axundov eyni zamanda AFFA İcraiyyə Komitəsinin də üzvüdür, uzun müddət "Keşlə”yə nəzarət edib. Elə "Keşlə” onun əlindən alınanda sonra da AFFA-yla arası soyub. Qəribədir ki, Zaur bəy AFFA İcraiyyə Komitəsinin sonuncu iclasında iştirak etməyib. Səbəb kimi də onun səhhətində problemlər olduğu göstərilib. Axundov iclasa qatılmadığına görə də toplantıda futzalla bağlı müzakirələr aparılmayıb. Martın 3-də futzal yığmamız Yunanıstanla qarşılaşırdı. Həmin görüşdən öncə Zaur Axundov Sərxan Hacıyevlə birlikdə futzalçı karyerasını başa vuran Vitali Borisova xatirə hədiyyələri təqdim edirdi, səhhətində problem olana oxşamır. Hətta oyundan sonra cənab Axundov mikrofonların önünə keçib, Azərbaycan yığmasının hədəflərindən bəhs edib. Sual-cavab zamanı Zaur bəy AFFA İcraiyyə Komitəsinin iclasına da toxunub, köklü dəyişikliklərin mümkünlüyündən, təkliflər verilməsindən danışıb. Amma cəmi 4 gün sonra Axundov iclasa qatılmağı lazım bilməyib.

Bəli, köklü dəyişikliklər qaçılmazdı. Bunu veteran futzalçılar, mütəxəssislər də deyir, Axundovun özü də. Sonuncu müsahibəsində Zaur bəy gənclərin futzala cəlb edilməsinin əsas prioritet olacağını vurğulayıb. Bizə gənclər lazımdır, kütləvilik artmalıdır. Yalnız bundan sonra yeni istedadlar yetişdirilməlidir. Bunun üçünsə Azərbaycanın braziliyalı baş məşqçisi Joze Alesio Da Silvaya ehtiyac yoxdu. 15 ildir yağ içində böyrək kimi bəslədiyimiz adamı evinə yola salmaq lazımdır. Ona bu qədər şans verdiz, yetər. Həmin şansı azərbaycanlılara da verin. Bir az da konkretləşdirsək, illərdir Azərbaycan futzalına xidmət etmək həvəsiylə yaşayan Elnur Qəmbərova etimad göstərmək vaxtıdır, cənablar. Reallığı, zamanın tələbini qəbul edin!

Amal Abuşov