Xəbər lenti

İdman 11:21 14.05.2022

14 yaşlı Azərbaycan birincisi: “Arzum Avropa çempionatında qızıl medal qazanmaqdır"

Şüvəlan qəsəbəsində Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ilk qaliblər müəyyənləşib. Sözügedən qaliblərdən biri də 40 kq çəki dərəcəsində yarışan Gülşən Hüseynova olub.

Bu uğurla əlaqədar Gülşənin məşqçisi Nahid Vəliyev Qaynarinfo-ya təəssüratlarını bölüşüb:

"Gülşən azyaşlı idmançılarımızdandır. 2008 təvəllüdlüdür. Hələ ki yaşı azdır. Açığı, çempionluq yox, amma medal gözləyirdik. Şükür Allaha, yanaşmaların hamısını lazımi qaydada icra elədi və yarışın qalibi oldu”.

Məşqçi əsas hədəflərinin Gülşənin yığmaya cəlb edilməsi olduğunu deyib:

"Mənim tələbəm deyil. Mən Gəncə şəhər yığmasının baş məşqçisiyəm. Gülşənin şəxsi məşqçisi Nizami müəllimdir. Potensialı yaxşıdır. Gənclər və İdman Nazirliyi, Ağır Atletika Federasiyası yarışı yüksək səviyyədə keçirir. Əsas hədəfimiz idmançımızın Azərbaycanın yeniyetmələrdən ibarət yığmasının heyətinə cəlb olunmasıdır. Yəqin ki, buna da yığmanın məşqçiləri qərar verəcəklər. İstəyirik ki, ölkəmizi beynəlxalq yarışlarda təmsil etsin. Məşqləri, davamiyyəti yaxşıdır. Çox həvəsli idmançıdır. Mütəmadi olaraq hazırlaşır. Arzusu gələcəkdə olimpiya medalını ölkəmizə gətirməkdir”.
 
Balaca idmançının maraqlı görünüşü də diqqət çəkir. Məşhur "Leon” filmindəki qəhrəman qızı xatırladan Gülşənin imici, eyni zamanda bacarıqları haqda məşqçisi bunları dedi: 
 
"İdmançı görünüşü var. Çox çevik qızdır. Bu yaşda olan idmançılarda adətən böyük yarışlardan öncə həyəcan olur. Amma Gülşənin ən yaxşı xüsusiyyətlərindən biri onun həyəcanının olmamasıdır. Uzun illər idmanla məşğul olan təcrübəli idmançılar kimi çıxış edir. Biz də psixoloji cəhətdən dəstək oluruq. Ancaq onun xaraketirndə çəkinmək, utanmaq kimi xüsusiyyət yoxdur. Elə ən üstün cəhəti də budur. Bu, xüsusi bacarıqdır. Bunun olması bizim idman növündə çox böyük amildir. Ən qeyri-adi abacarığı sərbəst olmasıdır”.
 
Məşqçi Gülşənin ailədə tək idmançı olmadığını da dedi: 
 
"Bir bacısı, bir qardaşı var. Evin balacası da Gülşəndir. Qardaşı cüdo idman növü ilə məşğul olur. Demək olar, idmançı ailəsidir”.
 
Mütəxəssis Atletika Federasiyasının onlara Gəncə şəhərində yaxşı şərait yaratdığını və uşaqların marağının daha da artığını dedi: 
 
"Federasiya Gəncə şəhərində bizə zal verib. Məşqlərimiz normal qaydada davam edir. Uşaqlar üçün normal şərait yaradıldığından maraq artır. Onları cəlb edə bilirik”.
 
Sonda ölkə birinciliyində qızıl medalı boynundan asdırmağı bacaran Hüseynova ilə danışdıq. O, sevincini bizimlə belə bölüşdü:
 
"Yarışda iki rəqibim vardı. Hər ikisini məğlub etdim. Məşqlərim əla gedir, şəraitimiz də yaxşıdır. Hər gün məşqlərə davam edirəm. Bu mənim ikinci medalımdır. "Təhsil" Respublika İdman Mərkəzinin keçirdiyi yarışda da birinci yeri tutmuşdum. İdmanla 12 yaşından məşğul oluram. Arzum Avropa çempionatında qızıl medal qazanmaqdır".
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->