Xəbər lenti

15 günə sülh sazişinin imzalanması realdırmı? (ŞƏRH)
Siyasət 18:15 28.11.2023

15 günə sülh sazişinin imzalanması realdırmı? (ŞƏRH)

"Bu açıqlama İrəvanın Vaşinqtonla razılaşdırılmış şəkildə fəaliyyət göstərdiyinin nəticəsidir. Onlar ABŞ-la razılaşdırılmış variantı Bakıya sırımaq istəyirlər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistan parlamentinin sədri Alen Simonyanın yaxın 15 günə Bakı ilə sülh müqaviləsinin bağlana biləcəyi barədə səsləndirdiyi fikrini şərh edərkən deyib.

İlqar Vəlizadə vurğulayıb ki, iki gün öncə İrəvan sülhlə bağlı təkliflərini Bakıya yollayıb:

"İndi 15 günə sülh müqaviləsinin imzalana biləcəyini bəyan etməklə sanki Azərbaycanı tələsdirirlər. Bununla demək istəyirlər ki, artıq təkliflərimiz var və gəlin 15 gün ərzində məsələni çözək. Digər tərəfdən, görünən odur ki, ABŞ tərəfləri tələsdirir. Daha çox da Azərbaycanı tələsdirir. Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidentinə zəng edib. Anti-Azərbaycan çıxışları ilə gündəmə gələn O`Braynın Azərbaycana səfəri gözlənilir. Ermənistanın yanaşması güman ki, Amerika tərəfindən məqbul sayılır”. 


 
Həmsöhbətimiz qeyd edir ki, Azərbaycan buna gedə bilməz:

"Açıqlamalar olmadığından, Ermənistanın təkliflərinin nədən ibarət olduğu bilinmir. Digər tərəfdən, hər şey belə asan olsaydı, çoxdan məsələni həll etmək olardı. İrəvanın Qərblə bir oyun oynadığı və bu zaman Azərbaycanın tələblərinin arxa plana keçdiyini nəzərə alsaq, belə yanaşma ilə 15 günə sülh müqaviləsinin bağlanması mümkünsüz görünür”. 

Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında yaxın 15 gün ərzində Azərbaycanla sülh müqaviləsinin bağlana biləcəyini deyib:

"Bunun üçün Azərbaycan siyasi iradə göstərməlidir. Ümumiyyətlə, beynəlxalq hüquqa və bərabərlik prinsipinə əsaslanan bütün fundamental məsələlər üzrə razılıq əldə olunub. Bununla yanaşı, o bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüşlə bağlı hələlik razılıq yoxdur. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->