Siyasət 09:30 27.05.2022

50 yaşlı bir rusun pul qarşılığında Ukraynada ölümü seçəcəyini gözləmirəm (ŞƏRH)

Rusiya Dövlət Duması orduda müqavilə əsasında xidmət etmək üçün son yaş həddini 40 yaşdan 50 yaşa qaldırmaqla bağlı qərar qəbul edib. Duma deputatları bunu 40 yaşa qədər xidmət edənlərin peşəkarlığının az olması ilə əsaslandırıblar. Ona görə də düşünürlər ki, yaş həddinin daha 10 il artırılması müqavilə əsasında xidmət edənlərin peşəkarlığının artmasına xidmət edəcək. 

Bu qərar əslində Rusiya qoşunlarının Ukranya müharibəsində çətin duruma düşməsinin daha bir təsdiqidir. Bu hal onu göstərir ki, rus ordusunda xidmət edənlər, o cümlədən müqavilə əsasında olanların peşəkarlıq səviyyəsi aşağıdır. 

Məsələ ilə bağlı Qaynarinfo-ya danışan hərbi ekspert Ədalət Verdiyev düşünür ki, Moskvanın bu qərarı məcburiyyətdən doğan addımdır: 

"Rusiya Dövlət Dumasının bu qərarı rus ordusunun şəxsi heyət problemilə qarşılaşdığını göstərir. Belə bir addımı Ermənistan da 44 günlük müharibə zamanı atmışdı. Kreml üzərinə öhdəlik götürüb ki, gənc əsgərləri müharibəyə cəlb etməyəcək. Amma zaman-zaman bunun əksini müşahidə edirik. Bu isə Rusiya ictimaiyyətində narahatlığa səbəb olur. Ona görə də Rusiyanın müqavilə əsasında orduda xidmət edənlərin yaş həddini 40-dan 50-yə qaldırmasını məcburiyyətdən irəli gələn addım kimi dəyərləndirməliyik”. 

Ekspertin qənaətincə, Rusiyanın bu addıma getməsi də ordusunun güclənməsinə gətirib çıxarmayacaq: 

"Rusiyanın Ukraynada itkiləri hər gün astronomik sürətlə artır. Əldə olunan nəticələr də bu itkiləri əsaslandırmır. Rusiyada 50 yaşında birisinin hansısa məbləğ qarşılığında Ukrayna torpaqlarında ölümü seçəcəyini də gözləmirəm. O, baxımdan, verilən qərar rus ordusunda ciddi dəyişikliyə səbəb olmayacaq”.

Rüfət Sultan