Siyasət 13:00 24.01.2023

AB-nin Ermənistana göndərdiyi missiyanın məqsədi - Cənubi Qafqazda geosiyasi oyunlar

"Bu təklifin reallaşması Avropa Birliyinin regiona, xüsusən də Ermənistana uzun müddətə yerləşməsinə səbəb ola bilər. Amma bu, ciddi əsasları olmayan, sonuna qədər düşünülməyən təklifdir”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Avropa İttifaqının Ermənistana uzunmüddətli mülki missiyanın göndərilməsini barədə qərarı təsdiqləməsinə münasibət bildirərkən deyib. Politoloqun fikrincə, məqsəd Rusiyanı bölgədən sıxışdırıb çıxarmaqdır:
 
"Bu yerləşmədə əsas hədəf Avropanın bölgədə geosiyasi və geoiqtisadi maraqlarının təmin olunmasıdır. Bu kontekstdə də Rusiya Ermənistandan, bölgədən sıxışdırılıb çıxarılmalıdır. Əvvəl həmin missiyanın hədəfi iki aylıq olmaqla yalnız Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələri müşahidə etməkdən ibarət idisə, indiki halda iki il ərzində və daha sonrakı illərdə prosesin davamlı olacağı gözlənilir. Bu da onu göstərir ki, artıq AB-nin Cənubi Qafqazla bağlı ciddi geosiyasi planları mövcuddur. Həmin planlar fonunda da Rusiya ərazidən sıxışdırılıb çıxarılmalıdır. Qərb bu kontekstdə Ermənistanın dolayısı ilə təhlükəsizliyini təmin etməklə həm də Bakı-İrəvan münasibətləri kontekstində də öz təsirini göstərmək istəyir”. 
 


Politoloq sözügedən missiyanın ciddi nəticələr əldə edəcəyini zənn etmir:
 
"Bu təsirlərin Azərbaycana heç bir xeyri olmayacaq. Çünki Avropa strukturlarında ölkəmizə qarşı qəbul olunan heç bir hüquqi əsası olmayan, ədalətsiz qərarlar göstərir ki, həmin missiya və ondan irəli gələn planlar heç də Azərbaycanın xeyrinə deyil. Ona görə də, missiyanın ciddi nəticələr əldə edəcəyini düşünmürəm”. 

Ekspertə görə, AB-in bu addımı dolayısı ilə regionda maraq və təsir gücü olan Rusiya, İran, Azərbaycan və Türkiyənin qeyri-iradi, istəməyərək bir-birinə yaxınlaşmasına stimul yaradacaq:

"Belə olan halda regiondakı bu güclər anlaşaraq heç bir zaman burada Qərbin toxumlarının ciddi mənada cücərməsinə imkan verməyəcək. İstər Azərbaycan-Ermənistan münasibətləri, istərsə də Qarabağ maraqları kontekstində Qərbin bu niyyəti müvəfəqiyətsizliyə uğrayacaq”. 

Rüfət Sultan