Bir vaxtlar "Xəzər Lənkəran” var idi. İddiasıyla, dolu tribunaları ilə Azərbaycan çempionatına yeni rəng qatmışdı. Elə bir rəng idi ki, yoxluğunda heç kim bu boşluğu doldura bilmir, azarkeşlər onun varlığını köks ötürərək, ah çəkərək xatırlayırlar. Hətta rəqib komandaların azarkeşləri belə.
"Xəzər Lənkəran”ın rumın çalışdırıcısı Mirça Rednik "Neftçi” ilə görüşlərin birində hakim Anar Salmanovun hoqqalarından təngə gəlib başındakı papağı yerə çırpmışdı. AFFA da onu bu hərəkətinə görə 5 min manat cərimələmişdi. Pulun pul vaxtında 5 min manat yetərincə ciddi məbləğ idi.
İndi "Xəzər Lənkəran” yoxdu. Ümumiyyətlə, uzun müddətdir ki, Azərbaycan futbolu bölgələrdə "böyük futbol”un olmamasından, azarkeşlərin tribunalara gəlməməsindən əziyyət çəkir. AFFA-nın apardığı yanlış siyasət nəticəsində xüsusiylə də bölgə klubları bir-bir sıradan çıxdı. İş o yerə gəldi çatdı ki, 10 milyonluq ölkənin Premyer Liqasında cəmi səkkiz klub mübarizə apardı. Onların da oyunlarının böyük əksəriyyəti boş tribunalar önündə keçirilirdi. Həmin o səkkiz klubun da təxminən yarıdan çoxu AFFA-nın öz nəzarətində idi. Müşahidə Şurası adı altında klublara AFFA-nın adamlarını yerləşdirir, klubları öz diqtələri ilə idarə edir, ələbaxımlılığa öyrədirdilər. Hamı yaxşı başa düşürdü ki, AFFA-nın yaratdığı bu mühitdə heç bir müstəqil iş adamı, sponsor təşkilat futbola yaxın durmayacaq, klublara pul ayırmayacaq. İllərlə belə davam etdi və Azərbaycan futbolunu uçurumun lap dibinə yuvarlandı.
"Qarabağ” olmasaydı, Azərbaycan futbolu çoxdan canını tapşırmışdı, dünyada və Avropada bizdə futbolun olduğunu unutmuşdular. Uzun illərdir ki, "Qarabağ” futbolumuzun yerlərdə sürünən imicini təkbaşına qaldırmağa çalışır. Pis-yaxşı buna nail olur. Amma həmişə belə davam etməyəcəyi də məlumdur. Futbolumuzun inkişafı üçün mütləq bölgələrə "böyük futbol”u qaytarmalı, Premyer Liqada iştirakçıların sayını çoxlatmalıyıq. AFFA-nın yeni rəhbərliyi də bunu yaxşı başa düşür. Sözdən işə keçməyin zamanının gəldiyini hamı anlayır. Eyni zamanda əvvəlki AFFA rəhbərliyinin buraxdığı nöqsanları aradan qaldırmağa, ən azından onları təkrarlamamağa çalışırlar. Bəli, məhz çalışırlar. Belə bir məqamda AFFA-nın "Turan Tovuz”a əvvəl sərt xəbərdarlıq edib, sonra da 20 min manat cərimə yazması heç yerinə düşmədi.
Səbəb təxminən elə Rednikin papağını yerə çırpması kimidir. Bəli, Rednik papağını yerə çırpmaqla düz etməmişdi. Elə "Turan Tovuz” rəhbərliyi də "Şamaxı” ilə oyundan əvvəl ajiotaj yaratmaqla düz etmədi. Onların da özünə görə haqlı olduğu məqamlar var. Lakin oyun canlı göstərilməyəcək, VAR işləməyəcək deyib, oyunun təxirə salınmasını tələb etmək peşəkar davranış deyildi. Hər nə isə, olan olmuşdu. AFFA da həm bəyanat yayaraq, həm xəbərdarlıq edərək, "Turan Tovuz”a barmaq silkələmişdi. İlkin mərhələdə elə bunlarla da kifayətlənmək olardı.
Deyəsən, başqalarının gözünü qorxutmaq ehtirası hər şeyə güc gəldi, ürəyi soyumayan AFFA qərb klubuna 20 min manat da cəza verdi.
Bunun adı qaş düzəldən yerdə gözü vurub, çıxarmaqdır, cənablar. Bir yandan futbola yeni sponsorlar, iş adamları cəlb edib, onu kütləviləşdirməyə çalışırsız, o biri yandan da bölgə təmsilçisini adicə bir bəyanata görə 20 min cərimələyirsiz. Nədir sizi qorxudan? Onu bilmirəm. Amma məni bir şey qorxudur ki, sizin bu cür repressiya həvəsiniz futbolumuzu yenidən əvvəlki günlərinə qaytaracaq. Belə etməyin.
Amal Abuşov
Şərhlər