Vətəninfo.az xəbər verir ki, 8 Noyabr – Zəfər Günü münasibəti ilə Ağstafada ilk olaraq Ulu Öndər Heydər Əliyevin abidəsi və "Şəhid” Memorial Abidə Kompleksi ziyarət olunub
Anım tədbirlərində Ağstafa RİH başçısı Seymur Orucov, şəhid ailələrinin üzvləri, qazilər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi hissələrdən nümayəndələr və rayon ictimaiyyəti iştirak ediblər.
Bundan sonra, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş "Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda tədbir keçirilib.
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin böyük iclas zalında təşkil olunan tədbirdə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, məsul şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummi Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü açan Seymur Orucov hər kəsi 8 Noyabr-Zəfər Günü münasibəti ilə təbrik edib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərin və bu ilin sentyabr ayında gerçəkləşdirilən uğurlu antiterror tədbirlərinin əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, Ulu Öndərin bünövrəsini qoyduğu Qarabağa qayıdış siyasətini onun layiqli davamçısı dövlətimizin başçısı əzmi, gücü, siyasi iradəsi sayəsində qətiyyət və müvəffəqiyyətlə həyata keçirdi, zamanın sınağından uğurla adlayaraq Azərbaycanı müasir, qüdrətli və Qalib ölkəyə çevirdi.
Tədbirdə Vətənə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, Zəfər Gününə həsr olunmuş videoreportaja tamaşa olunub.
Şərhlər