Xəbər lenti

Şahidlər Rasim Məmmədovun məhkəməsinə gəlmədi
Ölkə 17:52 11.11.2022

Şahidlər Rasim Məmmədovun məhkəməsinə gəlmədi

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Qaynarinfo xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə cinayət işində olan bəzi sənədlər araşdırılıb.

Bu gün keçirilən prosesə auditor Səftar Vəlizadə və "Baku steel Company”də Rasim Məmmədovun birinci müavini işləmiş Çingiz Həsənov dəvət edilsələr də, onlar prosesə gəlməyiblər.

Maraqlıdır ki, Rasim Məmmədovun məhkəməsinin artıq yekunlaşdığı və ona hökm oxunacağı bildirilirdi. Qeyd olunurdu ki, əsas şahidlər də artıq dindirilib. Lakin bu gün bəlli olub ki, əlavə şahidlər də var və onlar da dindirilməlidir. 

Növbəti proses noyabrın 14-də davam edəcək.

"Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri Məmmədov Rasim Hikmət oğlunun tutduğu vəzifədən irəli gələn səlahiyyətlərdən sui-istifadə edərək, ölkə ərazisində metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı faktlara dair daxil olmuş məlumatlar Dövlət Təhlükəsiziyi Xidməti tərəfindən araşdırılıb.

Rasim Məmmədovun müvafiq vəzifədə işlədiyi dövrdə öz səlahiyyətlərindən qulluq mənafelərinə qəsdən zidd olaraq istifadə edib. Rəsmiləşdirilmiş satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon 200 min manatı mənimsəmə yolu ilə talamasına, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə əsaslı şübhələr müəyyən olunub.

Eyni zamanda, onun bu əməlləri ilə "Baku Steel Company” MMC-nin maliyyə ehtiyatlarına və davamlı fəaliyyətinə mühüm ziyan vurmasına, həmçinin müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirib təkrar dələduzluq əməlləri törətməsinə də əsaslı şübhələr müəyyən edilib.

Rasim Məmmədov ümumilikdə 185 milyon manat mənimsəmə və ya israf etməkdə təqsirli bilinir.

Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində "Baku Steel Company” MMC tanınıb.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->