Siyasət 14:18 17.09.2022

Şahlar Əsgərov: “Ermənilər dilimizi öyrənib Dağıstandan Bakıya gəlir, vəzifələr tuturlar...”

"Öncə ermənilərin Azərbaycan dilini öyrənməyinin məqsədini bilməliyik və sonra biz də nə üçün bu dili öyrənməyimizi qarşımıza məqsəd qoymalıyıq”.

Bunu Qaynarinfo-a açıqlamasında sabiq millət vəkili Şahlar Əsgərov orta və ali məktəblərdə erməni dilinin öyrənilməsi ilə bağlı təkliflərdən danışarkən deyib. Onun sözlərinə görə, ermənilər üçün Azərbaycan dilini öyrənmək həyatı vacib məsələdir:

"Amma azərbaycanlılar üçün erməni dilini öyrənmək bir o qədər də vacib deyil. Bunların çəkiləri müxtəlifdir. Bu məsələyə baxılmalı və müzakirə olunmalıdır. Söz deməklə iş bitmir, müzakirə aparıb elmi nəticəyə gəlmək lazımdır. Ermənilər Azərbaycan dilini öyrənirlər. Hətta o qədər mükəmməl öyrənirlər ki, sonra da Gürcüstan, Dağıstan vasitəsi ilə həmin ermənilər Azərbaycan pasportu ilə Azərbaycana göndərirlər. Gəlirlər Bakıda məktəb direktorları, vəzifələr tuturlar. Ermənilərin həmçinin uzağa gedən xəyalları da var. Amma Azərbaycan məktəblərində, məsələn, dillər universitetində erməni dili fakültəsi açılarsa, erməni dili öyrənilərsə, bu yaxşı olar. Çünki Qafqazda yaşayan millətlərin dillərinin hamısı vacibdir.  Amma ermənilər Azərbaycan dilini öyrənir, biz də erməni dilini öyrənməliyik, bax bu fikirlə razı deyiləm”.

Təhsil eksperti hesab edir ki, azərbaycanlıların erməni dilini öyrənməsi şərtlər daxilində olmalıdır.

Qeyd edək ki, tarixçi-deputat Fəzail İbrahimli Azərbaycanda erməni dilinin ali və orta məktəblərdə tədris olunması ilə bağlı təklif səsləndirib. Deputat erməni dilinin tədrisinin səbəblərini belə açıqlayıb:
 "Azərbaycanda nəinki erməni tarixi, həm də erməni dili tədris olunmalıdır. Müəyyən nəsil erməni dilini bilir. Nə üçün erməni dilində çıxan ədəbiyyatları azərbaycanlı tarixçi və ya sıravi azərbaycanlı oxuya bilməsin?! Hətta belə təklif edərdim ki, ali və orta məktəblərdə erməni dili və tarixi tədris olunsun. Burda məqsəd ondan ibarət deyil ki, erməni tarixinin və dilinin öyrədilməsi ermənilərə sevgidən irəli gələn məsələdir. Burda əsas məsələ odur ki, qarşında səninlə tarixən düşmən olan, tarixinə zərbə vuran bir işğalçı dövlət var. Torpaqlarını erməni işğalçılarının zəbt etdiyi belə millətin dilini bilməklə, informasiyaya malik olmaqla onların nə düşündüklərindən xəbərdar olmalısan”.

Bahar Rüstəmli