Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Rusiyanı 2008-ci ildə hücumu nəticəsində vətəndaşlara dəyən pozuntulara və itkilərə görə Gürcüstana 129 milyon avrodan çox təzminat ödəməsinə qərar verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Avropa həqiqətləri” məlumat
yayıb.
AİHM-in Böyük Palatası 2008-ci il müharibəsi ilə bağlı Gürcüstanın Rusiyaya qarşı iddiası üzrə Avropa İnsan Hüquqları Konvensiyasının 41-ci maddəsinə əsasən ədalətli kompensasiya ilə bağlı əlavə qərar qəbul edib və 2021-ci ilin əsas qərarında nəzərdə tutulmayıb. Məhkəmə müəyyən edib ki, Rusiyanın 2022-ci ildə Avropa Şurasından çıxarılmasına və Rusiya tərəfinin məsələyə baxılmasında məhkəmə ilə əməkdaşlıq etməməsinə baxmayaraq, Gürcüstanın təzminat tələbinə baxmaq səlahiyyətinə malikdir.
Söhbət gürcü mülki əhalisinin qətlə yetirilməsi, mülki şəxslərə və hərbi əsirlərə işgəncə verilməsinin inzibati təcrübəsindən, "Cənubi Osetiya Daxili İşlər Nazirliyi” adlanan qurumun zirzəmilərində özbaşına azadlıqdan məhrum edilməsindən, talanlardan, Sxinvali regionunda (Cənubi Osetiya) və Abxaziyada gürcülərin öz evlərinə qayıtmasının qarşısının alınması siyasəti, Rusiya tərəfinin ölüm halları ilə bağlı adekvat araşdırma aparmamasından gedir.
AİHM qərara alıb ki, cavabdeh ölkə - Rusiya Cənubi Osetiyanın gürcü kəndlərində və bufer zonada mülki əhalinin qətlə yetirilməsinin azı 50 qurbanı ilə bağlı üç ay ərzində Gürcüstana 3,25 milyon avro təzminat ödəməlidir. Gürcüstan ümumilikdə 116 iş qaldırıb və onlardan yalnız 50-si təmin edilib – çünki qalan 66 qurban 2021-ci il qərarı ilə məhkəmənin öz yurisdiksiyasından çıxardığı "müharibənin aktiv fazasının” beş günü ərzində həlak olub. Ukraynaya münasibətdə belə bir məhdudiyyət yoxdur.
Bundan əlavə, Rusiya avqustun 10-27-i, 2008-ci ildə Sxinvalidəki qondarma "DİN”in zirzəmilərində Cənubi Osetiya qüvvələri tərəfindən gürcü mülki vətəndaşlarına qarşı özbaşına saxlanması və qeyri-insani rəftar təcrübəsinin ən azı 166 qurbanına 2 milyon 697 min 500 avro təzminat ödəməlidir.
2008-ci il avqustun 8-17-də Sxinvalidə Cənubi Osetiya silahlı qrupları tərəfindən gürcü hərbi əsirlərə işgəncə verilməsi halları ilə bağlı 640 min avro təzminat ödənilib.
Ən böyük kompensasiya məbləği - 115 milyon avro Gürcüstan vətəndaşlarının işğal olunmuş ərazilərdə öz evlərinə qayıtmasının qarşısının alınmasına dair inzibati təcrübə ilə əlaqədar verilib və bu, azı 23 min nəfərə ziyan vurub.
Daha 8,24 milyon avro hərbi əməliyyatların aktiv fazası zamanı mülki şəxslərin həlak olması ilə bağlı Rusiya tərəfinin adekvat araşdırma aparmaması nəticəsində zərər çəkmiş ən azı 142 nəfərə dəymiş mənəvi ziyana görə verilir.
Digər kompensasiya tələbləri isə 8 lehinə, 9 əleyhinə səslə rədd edilib.
Beləliklə, Rusiya Federasiyasının Gürcüstana ödəməli olduğu ümumi məbləğ 129,8 milyon avro təşkil edir.
Alpər
Şərhlər