Xəbər lenti

Avropa ölkələrində sağ ekstermistlər qalib gəlir: Proses hara aparır?
Dünya 16:30 02.09.2024

Avropa ölkələrində sağ ekstermistlər qalib gəlir: Proses hara aparır?

"Bir sıra Avropa ölkələrində qatı sağçıların mövqelərinin güclənməsi yaxın gələcəkdə militarizmin oyanışı və inkişafına gətirib çıxaracaq prosesin başlanğıcı olacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Almaniyanın bir sıra torpaqları daxil olmaqla, bəzi Avropa ölkələrində sağ ekstremistlərin mövqelərinin güclənməsinə münasibət bildirərkən deyib.

"II Dünya müharibəsindən sonra formalaşan beynəlxalq münasibətlər sisteminin Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən sonra sürətlə əriməsi prosesi gedir. Mövcud beynəlxalq münasibətlər sistemi və beynəlxalq hüquq öz legitimliyi və etimadını itirdiyindən, xüsusən də Qərb ölkələrində yenidən milli şüarları önə çəkən millətçi və qatı sağ qanadı təmsil edən siyasi cərəyanların sürətlə yüksəlişi baş verir", deyə Taleh Əliyev bildirib.
 


Belə durumun yaranması həmsöhbətimizə görə, həm də universial dəyərlər, demokratiya və insan haqlarının gözardı edilməsinin nəticəsidir: 

"Bu da getdikcə gərginləşən beynəlxalq münasibətlər sistemində növbəti bir yeni gərginlik ocağı kimi qiymətləndirilməlidir. Prosesin belə inkişafı Avropa ölkələrində ildən-ilə hərbi xərclərin artmasına gətirib çıxarır. Hərbi xərclər artırsa, deməli, Çexovun bir pyesində deyildiyi kimi, divardan asılmış silahdan birinci pərdədə olmasa da, sonuncu pərdədə atəş açılacaq. Avropanın bir sıra aparıcı ölkələrində qatı sağçılar hakimiyyətə gəlirsə, ölkənin militarizasiyasına istiqamətlənmiş xərclər artırsa, bu sonda üçüncü dünya müharibəsinin Avropanı da öz ağuşuna alması ehtimalını yüksəldir. Yəni Avropa ölkələrində qatı sağçıların mövqelərinin güclənməsi yaxın gələcəkdə demokratiyanın güclənməsinə deyil, militarizmin oyanması və inkişafına gətirib çıxaracaq bir prosesin başlanğıcıdır" 

Qeyd edək ki, Almaniyanın ifrat sağçı Almaniya üçün Alternativ Partiyası (AfD) ilk dəfə Türingiyada keçirilən əyalət seçkilərində qalib gəlib. Bu isə, 1938-ci ildən bəri bölgədə sağçı partiyanın ilk qələbəsidir. Bu barədə "exit-poll”un nəticələrində bildirilir.

AfD Türingiya əyalətində 30,5% səs qazanaraq sağ mərkəzçi Xristian Demokratları (CDU) təxminən 6% qabaqlayıb. 

Bu seçkilər gələn il keçiriləcək federal seçkilər ərəfəsində Kansler Olaf Şolts və onun sol-liberal koalisiya hökuməti üçün bir sınaq kimi qiymətləndirilir.

Ümumiyyətlə, son vaxtlar Avropada Rusiyaya meyilli olan sağ-millətçi partiyaların nüfuzunun artması müşahidə edilir.

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->