Səbuhi Həsənov
İdman 10:55 27.02.2023

Ayı 10 avroya dəyməyən Premyer Liqamız

Sözsüz, top-çempionatlarla müqayisədə Azərbaycan Premyer Liqası, belə demək mümkünsə, qarışqa boydadır. Yəni, maraqlı, gözəl futbola baxmaq istəyən insan İngiltərə Premyer Lqiasını, İspaniya La Liqasını, İtaliya A Seriyasını qoyub, niyə Azərbaycan çempionatını izləsin ki?

Əlbəttə, bizim çempionatın da marağı var. Ancaq bu maraq, o maraqdan deyil axı. Uzaqbaşı klublarımızı yaxından tanıyan insanlar, ölkə futbolunun içində olanlar üçün Azərbaycan çempionatı müəyyən mənada maraq kəsb edə bilər. Ancaq bu, Premyer Liqamızın dünyada top-çempiontalar qədər məşhurluğu anlamına gəlmir. Məsələn, xarici ölkələrdə futbolumuzu izləyənlərin sayı nə qədər ola bilər? Deyim də, cəmi… cəmi… Barmaqla sayılacaq qədər. Bundan artıq deyil. Necə ki, azərbaycanlılar Azərbaycan Premyer Liqası ilə eyni səviyyədə olan ölkələrin çempionatlarını izləmir, heç gözünün ucu ilə baxmır, əmin ola bilərsiniz ki, əcnəbilərin və ya xaricdə olan yerlilərin də bizə münasibəti eynidir. Deməli, Premyer Liqamızın ölkə kənarında yayımlanması hansısa ciddi qazanc da gətirə bilməz. 
Ümumiyyətlə, çempionatımız xaricilər üçün gözyorucudur desəm, yanılmaram. Hə, bir-iki prinsipial oyunu çıxmaq şərtilə standart qarşılaşmalardır da. Kimsə niyə buna görə artıq pul xərcləsin?

Sözümü nəyə gətirmək istəyirəm? Peşəkar Futbol Liqası bir müddət əvvəl "insports.tv” portalı ilə müqavilə imzaladı. Hansı ki, həmin portalda müxtəlif ölkələrin çempionat oyunları yayımlanır. Hansı çempionatlar? Bəlkə bizim Premyer Liqadan da aşağı səviyyəli, o qədər populyar olmayan, ümumiyyətlə, deyə bilərəm ki, ancaq elə öz ölkələrində izlənilən çempionatlar. Yəni azərbaycanlıların o qədər də marağında olmayan çempionatlardan söhbət gedir. Əlbəttə, PFL-in məntiqi ilə yanaşsaq, bu, Azərbaycan çempionatlarını - söhbət Premyer Liqa və Birinci Diviziondan gedir - xaricdə təbliğ etmək məqsədi daşıyır. Hə, eybi yox, buna da göz yummaq olar. Təki çempionatlarımız izlənilsin, maraq olsun. Lakin məsələnin bir əmması var və demək istədiklərim də məhz bununla bağlıdır. Həmin "insports” portalı ödənişli əsaslarla fəaliyyət göstərir. Yəni, öz ölkəmizdə tutalım ki, internet üzərindən Premyer Liqamızı izləmək üçün aylıq 10 avro ödəməliyik. Bu rəqəm bizim Birinci Divizionda keçirilən matçlar üçün aylıq 3.99 avrodur (aşağıdakı fotoya baxın). Qısası, reytinq baxımından çox aşağılarda olan çempionatlarımızı izləmək üçün təxminən 20 və ya 8 manatdan keçməliyik. Niyə, nə üçün? Hansı səbəbə? Üstəlik, bu, Premyer Liqanın ölkə ərazisində yayımlanmasını məhdudlaşdıran və getdikcə gözdən salan bir addımdır. Çünki "insports”la müqaviləyə görə yayım hüququna malik "CBC Sport” Premyer Liqa oyunlarını internet üzərindən göstərmir. Yalnız televizor vasitəsilə izləmək mümkündür ki, bu da hər zaman alınmır. Axı əksər insanlar evdə imkanı olmadıqda kənarda internet vasitəsilə oyunları izləyir. Hətta deyərdim ki, internet üzərindən oyunlara baxanların sayı daha çoxdur, nəinki televiziyadan. "CBC Sport” öz portalı vasitəsilə yayımı dayandırdığına görə də bu hüququ onlardan almış olur. Nəticədə "İnsports”a pul ödəyib oyunlara baxmağa məcbur edilən Azərbaycan azarkeşi küsür. Hər halda 10 avro sadə, xərci borcunu ödəməyən azarkeş üçün heç də az məbləğ deyil və əlavə "yük” sayılır…

Yaxşı, Premyer Liqamıza baxmaq üçün 10 avro ödəməyə dəyirmi? Mənə görə xeyr. Oyunu canlı izləmək istəyən azarkeş daha ucuz bilet əldə edib stadiona gedə bilər. Çünki bəzi oyunlar üçün satılan biletlər elə də baha deyil və hansısa ödənişli portal vasitəsilə baxmaqdan daha ucuz başa gəlir. Digər tərəfdən, 10 və ya 3.99 avro qarşılığında əcnəbilərə və ya xaricdə yaşayan azərbaycanlılara nəyi göstərmək istəyirik? "Kəpəz”in sovet dönəmindən qalma, uçuq-sökük, qəzalı şəraitdə olan stadionunu? Yoxsa, vaxtı keçmiş süni örtüklü meydançaları "göz oxşayan”, əkiz uşaqlar kimi standart layihə ilə tikilmiş stadionlarımızı? Ya da Birinci Divizion komandalarının oynadığı, tərəvəz əkib-becərmək üçün şumlanmış sahələrə bənzəyən qazonları? Bəlkə oyunlar zamanı futbolçuların sayından az olan 3-5 azarkeşi? Ən əsası, hansı səviyyədə olan futbolumuzu? Premyer Liqada mövsüm ərzində heç olmasa bir-iki maraqlı oyun görürüksə, Birinci Divizion, ümumiyyətlə, bərbad gündədir. Hə, yaxşı "al-ver” də gedir…

Bəs PFL-in atdığı bu addımı uğurlu hesab etmək olar? Fikir olaraq bəli, amma nəticə baxımından xeyr. Heç "İnsports”un da bu əməkdaşlıqdan yaxşı pul "qatlayacağı” inandırıcı deyil. Əvəzində ölkə futbolu itirir. Olan-qalan azarkeşlər də küsəndən sonra…
 

 
Səbuhi Həsənov