"Xəzərdə Azərbaycanın İranla birgə keçirdiyi hərbi təlimlər kimlərəsə güc nümayişi məqsədi daşımır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Rüstəm Tağızadə İran və Azərbaycan hərbi dəniz donanmalarının Xəzər dənizində keçiriləcək birgə hərbi təlimlərini şərh edərkən deyib.
"Xəzər dənizinin sahilində yerləşən 5 dövlət öz ərazilərində tez-tez belə hərbi təlimlər keçirib. O cümlədən Azərbaycanla İranın hərbi dəniz donanmaları Xəzər sahilində əvvəlki dövrlərdə də hərbi təlimlər keçiriblər. Düşünürəm ki, burada əsas məqsəd Xəzər hövzəsini və ümumiyyətlə, hər hansı bir təhlükə yaranarsa, birgə hərbi təlimlər sayəsində ayıq-sayıqlığı qorumaqdan ibarətdir", deyə Rüstəm Tağızadə bildirib.
Həmsöhbətimiz bu təlimlərin hər hansı başqa bir ölkəyə güc nümayişi olduğunu da zənn etmir:
"İranla birgə keçirilən bu təlimlərin Azərbaycana üçüncü kənar dövlətlər tərəfindən hər hansı bir təhlükəsi də yoxdur. Belə təlimlər ölkəyə ancaq fayda verir. Bu kimi təlimlərlə Azərbaycan Ordusunun döyüş qabiliyyəti daha da yüksəlir. Məqsəd Xəzər dəniz hövzəsini qorumaqdır. İranla hərbi sahədə keçirilən bu təlimlər Azərbaycan üçün heç bir təhlükə yaratmır".
Qeyd edək ki, Azərbaycan və İran ordusunun Hərbi Dəniz Qüvvələrinin bir qrup şəxsi heyəti və gəmisinin iştirakı ilə "AZIREX-2024" birgə taktiki təlimləri keçiriləcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Təlimlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında imzalanmış hərbi və hərbi-texniki əməkdaşlığa dair birgə komissiyanın iclasının protokoluna əsasən baş tutacaq.
Noyabrın 2-də təlimdə iştirak etmək məqsədilə qonşu ölkəyə səfər etmiş Azərbaycan Ordusunun şəxsi heyət və döyüş gəmiləri artıq Ənzəli dəniz limanındadır. Məlumata görə, Xəzər dənizinin İran İslam Respublikasına mənsub hissəsində keçiriləcək "Dənizdə axtarış-xilasetmə" təliminə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin 2 vahid gəmisi və 100-dən çox şəxsi heyəti qatılacaq.
Rüfət Sultan
Şərhlər