Foto 15:37 08.12.2023

Azərbaycan və Moldova kənd təsərrüfatı nazirlərinin görüşü keçirildi (FOTO)

Kişineuda səfərdə olan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldova Respublikasının kənd təsərrüfatı və qida sənayesi naziri Vladimir Bolea ilə görüşüb. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. 

Nazir Məcnun Məmmədov bildirib ki, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 5-ci iclasında iki ölkə arasında gələcək əməkdaşlığın bir çox istiqamətləri, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb: "Kənd təsərrüfatı sözsüz ki ölkələrimiz arasında əməkdaşlıq üçün ən perspektivli sahələrdən biridir. Bu istiqamətdə əməkdaşlığın daha da möhkəmləndirilməsini məqsədəuyğun sayırıq”. 

Azərbaycanla Moldova arasında kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artırılmasının zəruri olduğunu deyən nazir bu sahədə mövcud potensialı dəyərləndirmək üçün birgə biznes-forumların keçirilməsini təklif edib. O, Moldova şirkətlərini Bakıda hər il keçirilən Caspian Agro Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində aktiv iştiraka çağırıb. Moldovanın şərabçılıq və üzümçülük sahəsində böyük təcrübəyə malik olduğunu xatırladan Məcnun Məmmədov bu sahədə təcrübə mübadiləsi və birgə elmi tədqiqatlar aparmağın, qarşılıqlı texnologiya transferinin vacibliyini vurğulayıb. Azərbaycanda aqroturizmin inkişaf etməkdə olan sahə olduğunu deyən nazir azərbaycanlı fermerlərin Moldovanın bu sahədə mövcud təcrübəsindən yararlana biləcəyini qeyd edib.

Moldovanın kənd təsərrüfatı naziri Vladimir Bolea bildirib ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində geniş əməkdaşlıq imkanları mövcuddur. Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclaslarının son illər mütəmadi xarakter almasını müsbət dəyərləndirən nazir bu toplantıların müxtəlif sahələrdə olduğu kimi aqrar sahədə də əməkdaşlıq imkanlarını dəyərləndirməyə imkan verdiyini deyib. Moldova və Azərbaycan şirkətlərinin üzümçülük və şərabçılıq aktiv təcrübə mübadiləsi apara biləcəklərini qeyd edən Vladimir Bolea qarşılıqlı tərəfdaşlıq münasibətlərinin hər iki ölkənin aqrar sektoruna, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcəyini bildirib. 

Görüşdə aqrar sahənin rəqəmsallaşdırılması, birgə elmi-tədqiqatların aparılması, aqrar mütəxəssis hazırlığı, tələbə və müəllim mübadiləsi, aqrar sahə üzrə ixtisaslaşmış universitetlərin diplomlarının qarşılıqlı tanınması məsələləri müzakirə olunub. Tərəflər səsləndirilən təklifləri Azərbaycan-Moldova kənd təsərrüfatı üzrə İşçi Qrupun birgə iclasında müzakirə etmək barədə razılığa gəliblər. 

Moldovaya səfər çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanın şərab istehsalı ilə məşğul olan aparıcı şirkətlərinin nümayəndələri ilə birlikdə Moldovanın üzüm sahələrinə və aparıcı aqroturizm müəssisələrinə baş çəkib, şərab istehsalı ilə məşğul olan obyektlərin fəaliyyəti ilə tanış olub. Qonaqlara kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin bazasında aqroturizm müəssisələrinin yaradılması təcrübəsi barədə məlumat verilib. Görüşlərdə üzümçülüyün əsas istiqamətləri, üzüm tingçiliyi, aqroturizm müəssisələrinin fəaliyyətinin iqtisadi səmərəliliyi, şərab istehsalı, məhsul ixracı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.