Xəbər lenti

Azərbaycanın adı dəyişdirilə bilərmi? - Şimali Azərbaycan təklif olunur
Siyasət 15:42 29.11.2022

Azərbaycanın adı dəyişdirilə bilərmi? - Şimali Azərbaycan təklif olunur

Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycanın adının dəyişdirilməsi təklifini irəli sürüb. Deputat ölkəmizin Şimali Azərbaycan adlandırılmasını təklif edib:
 
"Hesab edirəm ki, biz yeni Konstitusiya tərtib etməliyik. İlk olaraq ölkəmizin adını dəyişdirməliyik. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun”.

"Konstitusiya Araşdırmalar Fondu”nun prezidenti Əliməmməd Nuriyev Qaynarinfo-ya açıqlamasında Qüdrət Həsənquliyevin təklifini dəstəkləyib. Sabiq deputat bildirib ki, Azərbaycanın adını dəyişmək müzakirə predmetinə çevrilə bilər:
 


"Uzun illərdir ki, Azərbaycan iki hissəyə bölünüb - Şimal və Cənub. Amma xalq bu bölünmə ilə heç vaxt barışmayıb. Ona görə də bu zaman-zaman bu parçalanma müzakirə olunub. Hazırda İranda baş verən hadisələr Azərbaycan xalqının özünün müqərratını təyin etmək və vahid bir dövlətdə birləşmək hüququnu yenidən qabardır. Ona görə Qüdrət Həsənquliyevin fikirlərini mən də dəstəkləyirəm.
 
Bu həm də real vəziyyəti dünya ictimai rəyinə təqdim edəcək. Bütün dünya bilməlidir ki, 45 milyona yaxın azərbaycanlı Cənubu Azərbaycanda yaşayır. Yəni, bizim ikiyə bölünmüş xalq olmağımızla bağlı müəyyən ədəbiyyatda, siyasi dairələrdə məlumat geniş beynəlxalq aləmdə əks olunmalıdır. Ona görə də hesab edirəm ki, bu məsələyə də aydınlıq gətirmək üçün Şimali Azərbaycanla bağlı məsələyə baxmaq olar”. 

Əliməmməd Nuriyevin fikirincə, bu İran tərəfinin çox ciddi sürətdə etirazına səbəb ola bilər: "İran onsuz da Azərbaycanın bütün ərazisinə iddia edir. Ona görə də biz haqqımız olanı təqdim etməyə çalışmalıyıq”. 

Qeyd edək ki, Azərbaycan torpaqları 1813-cü il oktyabrın 16-da imzalanan Gülüstan, 1828-ci il fevralın 10-da Türkmənçay kəndində imzalanan Türkmənçay müqavilələri ilə Rusiya və İran arasında bölünüb. Şimali Azərbaycan 1991-ci ildə SSRİ-dən ayrılaraq müstəqilliyini elan edib. Cənubi Azərbaycan isə hələ də İranın işğalı altınadadır.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->