Qlobal trenddə şirkətlərin son illərdə süni intellekt infrastrukturu, yarımkeçiricilər, kritik minerallar və təmiz texnologiyalar kimi strateji sahələrə investisiyaları artırması Azərbaycanın da yeni qlobal ticarət zəncirlərində hansı istiqamətlər üzrə yer ala biləcəyi məsələsini gündəmə gətirir.
Bəs Azərbaycanın mövcud potensialını nəzərə alsaq, ölkə yeni qlobal ticarət zəncirinə qoşulmaq üçün əsasən hansı sahələrə investisiya etməlidir?
Qaynarinfo-ya danışan iqtisadçı Xalid Kərimli Azərbaycanın mövcud potensialı və qarşılaşdığı çətinlikləri nəzərə alaraq, ölkənin bir sıra sahələrə diqqət yetirməli olduğunu bildirib:
“Yüksək texnologiyalardan danışanda nəzərə almaq lazımdır ki, çox ciddi məsələlər və çətinliklər var. Ölkənin coğrafi yerləşməsi, çıxışının olmaması da ciddi baş ağrısıdır. Ətrafımızdakı ölkələrin sanksiya altında və müharibə içində olması ciddi problemlər yaradır. İndi Orta dəhlizlərdən danışırıq. Hələ də dəhlizlər tam funksiyasını göstərmir. Orta dəhliz tam gücü ilə işləmir, Zəngəzur bağlıdır. Yəni həqiqətən də obyektiv çətinlik yaradan çoxsaylı məqamlar var”.
İqtisadçı ölkə daxilində də investisiya mühiti ilə bağlı bir sıra problemlərin mövcud olduğunu qeyd edib: “Bununla yanaşı, ölkə, kapital, hüquqi sistem və rəqabətin vəziyyəti ilə bağlı digər subyektiv, özünəməxsus problemlər də çoxdur”.
Xalid Kərimli müasir sənaye sahələri arasında yaşıl enerjini Azərbaycanın əsas istiqamətlərindən biri hesab edir:
“Amma müasir sənaye sahələri içərisində yaşıl enerji aktual istiqamətdir. İndi hökumət bu istiqamətdə investisiya yatırmağa çalışır. Bu sahədə kifayət qədər real və böyük imkanlar var ki, yaşıl enerji istehsalı genişləndirilsin. Bu, təkcə elektrik enerjisinin ixracı baxımından əhəmiyyətli deyil. Eyni zamanda yerli sənayenin ucuz, bərpaolunan yaşıl enerjidən istifadə edərək öz imkanlarını genişləndirməsi baxımından da vacibdir. Hesab edirəm ki, əsas istiqamətlərdən biri budur”.

İqtisadçı ikinci mühüm istiqamət kimi yarımkeçirici texnologiyalar üçün zəruri olan xammal və metallurgiya sahəsini göstərib:
“İkinci istiqamət isə yarımkeçirici texnologiyalar, çip və yaddaş texnologiyalarıdır. Bunların inkişafı üçün minerallar və metallurgiya məhsulları çox önəmlidir. Burada kritik minerallar, yəni nadir tapılan metallar nəzərdə tutulur. Ölkənin bu istiqamətdə müəyyən potensialı, xammal imkanları var. Mis, alüminium və digər metallar sahəsində də işlər genişləndirilməlidir”.
Xalid Kərimli bildirib ki, Azərbaycan yalnız xammal ixrac etməklə kifayətlənməməli, onun emalından daha yüksək əlavə dəyər əldə etməyə çalışmalıdır:
“Yəni onların çıxarılması və ixracı ilə yanaşı, dəyər zəncirinin qurulması üzərində də düşünmək lazımdır. Hazırda biz onları xammal şəklində ixrac edirik. Amma filiz çıxarılandan sonra onun sonrakı emal mərhələlərini, daha yüksək gəlir və əlavə dəyər gətirən istehsal sahələrini də qurmaq olardı. Burada əsas və kritik məqam xammalın, əlavə metalın, nadir tapılan metalın özüdür. Bunu çıxardıqdan sonra istehsalın qurulması və emalın sonrakı mərhələlərinin yaradılması da maraqlı istiqamət ola bilər”.
İqtisadçı süni intellekt və çip istehsalı kimi yüksək texnologiyalı sahələrdə Azərbaycanın imkanlarının məhdud olduğunu düşünür:
“Daha sonra biz indi çox süni intellekt və məlumat mərkəzlərindən danışırıq. Amma bizim ölkənin nə kadr potensialı, nə də bu sahədə kifayət qədər güclü ekosistemi var ki, çip istehsalı kimi sahələrə ciddi şəkildə daxil olaq. Bu sahədə qabaqcıl ölkələr var: Amerika, Çin, Koreya, Tayvan. Bu ölkələr bu işi ən yaxşı görür və burada nəsə etmək çox çətindir”.
İqtisadçının sözlərinə görə, Azərbaycan bu sahələrdə daha çox infrastruktur və tranzit imkanlarından yararlana bilər:
“Biz burada, belə deyək, əsasən infrastruktur təchizatçısı rolunu oynaya bilərik. Bir də tranzit imkanlarımız var. Əsas imkanlardan biri, misal üçün, Orta dəhliz və logistika məsələləridir. Əgər bunu da inkişaf etdirə bilsələr, bu, ciddi faydalar yarada bilər”.
Xalid Kərimli Orta dəhlizin inkişafının təkcə Azərbaycandan asılı olmadığını da vurğulayıb:
“Burada məsələ təkcə Azərbaycandan asılı deyil. Ermənistandan da çox şey asılıdır. Zəngəzur dəhlizindən sonra qonşu ölkələrdən də çox şey asılı olacaq ki, logistika imkanları genişlənsin. Bu sahədə həm yerli sahibkarlar faydalana bilər, həm də tranzit imkanları ölkəyə əlavə gəlir gətirə bilər”.
İqtisadçı Azərbaycanın hansı istiqamətlərdə uğur qazanacağının hələ dəqiq olmadığını bildirib:
“Bunlar əsas istiqamətlərdir. Amma indi bilmirəm hansında uğurlu olacağıq, hansında uğursuz olacağıq".
Günay İlqarqızı
Şərhlər