XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Ümidlə gözləyirəm ki, Yaşarın 75 illik yubileyi qeyd olunacaq"
Sənət16:33 03.09.2026

"Ümidlə gözləyirəm ki, Yaşarın 75 illik yubileyi qeyd olunacaq"

Bu gün Xalq artisti Yaşar Nurinin anadan olmasının 75-ci ildönümüdür.

Mərhum aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva Qaynarinfo-ya açıqlamasında bildirib ki, hər il olduğu kimi, bu il də Yaşar Nurinin məzarını ziyarət edib:

“Yaşar heç vaxt unudulmayacaq. Nə sənəti unudulacaq, nə də özü. Xalq onu həm aktyor, həm də insan kimi sevirdi. Xalqının ruhunu oxşayırdı, onların arasında olurdu. Yaşarın sevilmək üçün çox xüsusiyyətləri var idi. Talantlı idi. Belə adamlara dəstək lazım deyil, onlar özləri irəli gedirlər. Anadangəlmə sənətkar idi. Biz də bu gün məzarının üstünə getdik, ziyarət etdik. Həmişəki kimi, adamlar çox idi. Hamı onun haqqında xoş sözlər dedi. Hardasa 70-ə yaxın insan onun məzarını ziyarət etmişdi. Teatrlar İttifaqının, Akademik Milli Dram Teatrının əməkdaşları da orada idi. Mədəniyyət Nazirliyinin işçilərini tanımıram. Tanısam, nə edəcəyəm? Bəlkə gəlmişdilər, bəlkə də yox. Əsas odur ki, insanlar onu yad etməyə gəlmişdilər”.

Rəhimə Nuriyeva qeyd edib ki, Yaşar Nuri vəfat etdikdən sonra üç mədəniyyət naziri dəyişib:

“Bizim kiməsə ehtiyacımız yoxdur. Yaşar ölənə kimi dövlət səviyyəsində qayğı görüb. Həmişə dövlətin nəzarətində olub, hörməti də hörmət. Amma bu üç nazirin heç biri Yaşar Nurinin ailəsini onun ölüm və doğum günlərində yada salmayıb. Heç gəlməsin, lazım deyil. Zəng etsin, desin ki, “Yaşar Nurinin 75 illik yubileyidir, təbrik edirəm”. Bu da olmadı. Qarşıda vaxt var. Ümidlə gözləyirəm ki, Yaşarın 75 illik yubileyi qeyd olunacaq”.

Bahar Rüstəmli