"Azəriqaz” İstehsalat Birliyi Ağsu Rayon Qaz İstismar İdarəsini Ucar xidmət sahəsinin əməkdaşı İlkin Məmmədovun saxlanılması ilə bağlı açıqlama yayıb.
Qayanrinfo açıqlamanı təqdim edir:
"Bir neçə gündür ki, SOCAR "Azəriqaz” İB-nin Ağsu RQİİ-nin Ucar xidmət sahəsində baş vermiş olayla bağlı sorğularınıza ətraflı cavab vermək imkanı yox idi. Çünki yerli qaz istismarı idarəsi ilə sözügedən idarənin əməkdaşı İlkin Məmmədov arasında yaranmış problem hüquqi müstəvidə araşdırma mövzusu idi. Bu baxımdan verilən açıqlamaların, yayılan informasiyaların məhkəmənin işinə hər hansı bir mümkün təsirini istisna etmək məqsədilə aparılan araşdırmanın nəticəsini gözləməyi uyğun hesab etdik.
Bildiririk ki, İ.Məmmədovun qanunsuz əməlləri ilə bağlı Ağsu RQİİ-nin Ucar XS tərəfindən "İşçilərin kollektiv surətdə əmək qanunvericiliyini pozması və bu halların qarşısının alınması haqqında” 29.03.2023-cü il tarixdə Ucar Rayon Polis Şöbəsinə məktubla müraciət olunub. Ucar RPŞ tərəfindən İ.Məmmədov saxlanılaraq barəsində araşdırma aparılıb və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (AR İXM) 206 (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi), 510 (xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə inzibati icraat başlanıb. Ucar RPŞ tərəfindən 30.03.2023-cü il tarixdə qeyd olunan maddələr üzrə tərtib edilmiş inzibati protokol baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilib.
Ucar Rayon Məhkəməsi tərəfindən İ.Məmmədov AR İXM-nin yuxarıda qeyd olunan maddələri üzrə təqsirli hesab olunub, hakimin inzibati xəta haqqında iş üzrə 30 mart 2023-cü il tarixli qərarına görə 1 (bir) ay müddətində inzibati qaydada həbs və həbsdən sonra ixtisaslaşdırılmış tibbi müəssisəyə təhvil verilməklə narkomaniyadan məcburi müalicə təyin edilib.
Məsələnin bura qədər gəlib çatmasını, narkotik maddə alüdəçisi olduğunu etiraf edən birinin sosial şəbəkələrdə az qala qəhrəmana çevirilməsi cəhdlərini təəssüf hissi ilə qarşılayır və hər kəsi bir-birinə münasibətdə qarşılıqlı etimada səsləyirik".
Şərhlər