Xəbər lenti

Bakıda stadionu satanlara cəza istənildi: Dələduzluğa kim rəhbərlik edib?
Ölkə 15:52 28.05.2024

Bakıda stadionu satanlara cəza istənildi: Dələduzluğa kim rəhbərlik edib?

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Bakıda stadionun qanunsuz olaraq satılması araşdırılır.

Musavat.com xəbər verir ki, hakim qarşısına "Məhsul" stadionunun direktoru Alik Həsənov və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev çıxarılıblar.

Keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib, Nadir Əliyevlə Alik Həsənovun hər birinin 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulan əmlakların müsadirə olunmasını, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsinə yönəlməsini xahiş edib.

Təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı etmək üçün vaxt istəyiblər.

İttihama görə, Nadir Əliyev və Alik Həsənov çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan sahibkarlara stadion ərazisinin 5 milyon 500 minə satıldığını deyiblər. Ərazini almaq istəyən sahibkarlardan isə beh adı ilə ümumilikdə 900 min manat pul alıblar. Bundan başqa, Alik Həsənovun özünün ayrıca da daha bir sahibkarı aldadıb pulunu ələ keçirdiyi iddia edilir.

İstintaq zamanı Alik Həsənovun direktoru olduğu stadionun ərazisini başqa bir sahibkara səkkiz milyon manata sata biləcəyini deməsi, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət vermək və müvafiq sənədləşdirmə işləri aparmaq adı ilə onun 360 min manat pulunu ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Nadir Əliyev və Alik Həsənova qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işi üzrə beş nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Rauf İsmayılov, Dadaş Umbatov, Həbib Zülfüqarov, Elçin Rüstəmov və Yusif Vəlixanovdur.

Növbəti proses iyunun 3-də davam edəcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->