Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində fəaliyyət göstərən Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi ilə Dövlət Vergi Xidməti arasında ƏDV hesablamaları ilə bağlı məhkəmə mübahisəsi yaranıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Mərkəzin müxtəlif dövrlər üzrə ƏDV bəyannamələrində uyğunsuzluqlar müəyyən edib və əlavə vergi hesablanması barədə qərarlar qəbul edib.
Məhkəmə materiallarında göstərilir ki, 2022-ci ilin may ayı üzrə Mərkəzə 180 min manat, 2024-cü ilin oktyabr ayı üzrə 55 055,81 manat, 2024-cü ilin noyabr ayı üzrə isə 305 084,75 manat əlavə ƏDV hesablanıb. Bu üç məbləğin cəmi 540 140,56 manat təşkil edir.
Sənədlərdə 2022-ci ilin iyun ayı üzrə bəyannamədə də ciddi fərqin müəyyən edildiyi qeyd olunur. Vergi orqanının hesablamasına görə, həmin dövrdə ƏDV depozit hesabına daxil olmuş 180 min manat vəsait 18 faizlik ƏDV dərəcəsi nəzərə alınmaqla 1 milyon manatlıq ƏDV-siz dövriyyəyə uyğun gəlib.
Mərkəzin təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamədə isə həmin göstərici 200 650 manat göstərilib. Vergi orqanı bu rəqəmlər arasında 799 350 manat fərq müəyyən edib.
Bununla belə, iş materiallarından görünür ki, 2022-ci ilin iyun ayı üzrə əvvəl qəbul olunmuş əlavə vergi hesablanması qərarı Mərkəzin sonradan təqdim etdiyi dəqiqləşdirilmiş bəyannamə nəzərə alındıqdan sonra ləğv edilib və şəxsi hesab vərəqəsində düzəliş aparılıb.
Vergi orqanının apardığı daha geniş araşdırma 2020-2024-cü illəri də əhatə edib. Məhkəmə sənədində göstərilir ki, həmin dövrdə Mərkəzin təqdim etdiyi mallar, iş və xidmətlərə görə hesablaşma və ƏDV sub-uçot hesablarına daxil olan vəsaitlərlə təqdim edilmiş ƏDV bəyannamələrində göstərilən vergi öhdəlikləri arasında fərqlər müəyyən edilib.
Mərkəz isə vergi orqanının yanaşması ilə razılaşmayıb.
Məhkəmədə Mərkəzin əsas arqumenti ondan ibarət olub ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sifarişi ilə dövlət büdcəsindən ayrılan vəsait hesabına əlilliyi olan şəxslər üçün reabilitasiya vasitələrinin hazırlanması və təqdim edilməsi ƏDV-dən azad olunan fəaliyyət hesab edilməlidir.
Mərkəz bununla əlaqədar Vergi Məcəlləsinin 164.1.48-ci maddəsinə istinad edib. İddiaçı hesab edib ki, dövlət büdcəsi vəsaiti hesabına və müvafiq dövlət qurumu ilə bağlanmış müqavilə əsasında həyata keçirilən bu xidmətlərə ƏDV tətbiq olunmamalıdır.
Vergi Xidməti isə məhkəmədə başqa arqumentlər irəli sürüb. Cavabdeh bildirib ki, mübahisələndirilən qərarların bir hissəsi sonradan ləğv edilib və ya yeni dəqiqləşdirilmiş bəyannamələr əsasında onların yerinə başqa qərarlar qəbul olunub. Digər qərara münasibətdə isə Mərkəzin məhkəməyə müraciət üçün nəzərdə tutulan müddəti ötürdüyü bildirilib.
Bakı İnzibati Məhkəməsi də mübahisənin vergi hesablamalarının mahiyyəti üzrə qiymətləndirilməsinə keçməyib.
Məhkəmə müəyyən edib ki, qərarlardan birinin mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulan 30 günlük müddət ötürülüb. Mərkəz müddətin bərpa edilməsini istəsə də, məhkəmə təqdim olunan əsasları üzrlü səbəb kimi qəbul etməyib.
Digər mübahisələndirilən qərarlarla bağlı isə məhkəmə onların vergi orqanı tərəfindən artıq ləğv edildiyini və yeni qərarların qəbul olunduğunu bildirib. Buna görə də məhkəmə Mərkəzin hazırda qüvvədə olmayan inzibati aktları mübahisələndirdiyi qənaətinə gəlib.
Nəticədə Bakı İnzibati Məhkəməsi Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinin iddiasını mümkün saymayıb.
Bu isə o deməkdir ki, məhkəmə Mərkəzin ƏDV-dən azad olub-olmaması və vergi hesablamalarının mahiyyət etibarilə düzgünlüyü barədə yekun hüquqi qiymət verməyib. İddia əsasən prosessual səbəblərə — müraciət müddətinin ötürülməsinə və bəzi mübahisələndirilən qərarların artıq qüvvədə olmamasına görə mümkün sayılmayıb.
Qərardaddan 10 gün ərzində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Qeyd edək ki, “Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi”nin direktoru Məcidov Asif Durmuş oğludur. Sözügedən yoxlamalar Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sabiq sədri, TƏBİB-in yeni icraçı direktoru Anar Məhərrəm oğlu Bayramovun dövründə baş verib.
Əhməd
Şərhlər