Xəbər lenti

Bayden geri çəkildi, Harris namizəd oldu - Demokratlar nəyi sübut etmək istəyir? (ŞƏRH)
Dünya 13:53 22.07.2024

Bayden geri çəkildi, Harris namizəd oldu - Demokratlar nəyi sübut etmək istəyir? (ŞƏRH)

"Harris uğurlu namizəd deyil. Amma digər namizədlərin axtarışına çıxmaq da artıq gecdir".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ-da Co Baydenin prezidentlik yarışından geri çəkilərək, vitse-prezident Kamala Harrisin üzərində dayanmasını şərh edərkən deyib.

"Əslində ABŞ öz tarixində bu dəfəki qədər uğursuz və perspektivsiz prezident seçkisi görməyib. ABŞ-ın dünyanın super güc rolunda olması irəli sürülən prezidentlərin vizionu ilə adekvat deyil. Bayden və Trampın, hər ikisinin psixoloji, siyasi portret cizgilərinə baxanda görürük ki, onlar ABŞ dövlətinin ambisiyalarına adekvat deyil. Baydenin səhhətilə bağlı problemlər fonunda namizədlikdən imtina edərək, varis kimi Harrisin namizədliyini irəli sürməsi nəhayət baş verdi. Demokratlar Harrisi namizəd kimi irəli sürməklə öz siyasi kurslarının düzgün olduğunu isbat etmək istəyirlər. Bununla onlar rəqibə zəif yer tanıtmaq da istəmirlər. Bu addımla demokratlar düz yolda olduqlarını, Baydenin siyasi kursunu davam etdirəcəkləri görüntüsünü yaratmağa çalışırlar", deyə Üzeyir Şəfiyev bildirib.
 


Həmsöhbətimiz Harrisin uğurlu namizəd olduğunu güman etmir. Ekspert habelə demokratların Harrisdən başqa digər namizəd axtarışına çıxacağını da düşünmür:

"Çünki yeni namizəd axtarışı demokratlar üçün əlavə problemlər yaradacaq. Ona görə də tələm-tələsik olaraq Harrisin namizədliyi üzərində fokuslandılar".

Həmsöhbətimizə görə, Trampın namizədliyi də uğurlu seçim deyil: 

"Trampın namizədliyi NATO ölkələri, xarici siyasət vektorunda gələcək üçün lüks vəd etmir. Avropa və NATO üçün onun namizədliyi diskomfort yaradır. Bəzi hərbi-siyasi qüvvələr arasında Tramp arzuolunan namizəd deyil". 

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden prezidentlik yarışından geri çəkilib. Bu barədə o, "X" səhifəsində paylaşım edib. 

"Əminəm ki, geri çəkilsəm və diqqətimi xalqa xidmətə cəmləsəm, partiya və ölkə üçün daha yaxşı olacaq", deyə Bayden qeyd edib. 

Seçki yarışından geri çəkilən Bayden Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb. Sabiq prezident Bill Klinton da Harrisin namizədliyini dəstəkləyib. 

Qeyd edək ki, 59 yaşlı Harris ABŞ tarixində ilk qadın vitse-prezidentdir. Yaranmış vəziyyətdə ölkənin bütün liberal qanadının Harrisin namizədliyi ətrafında birləşəcəyi iddia edilir. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->