Dünya 18:51 17.11.2022

Bayden və Ərdoğan hansı məsələdə razılaşa bildi? - Politoloq

Xəbər verdiyimiz kimi, noyabrın 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Baydenlə görüşüb. Görüşdə ticarət və təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. ABŞ lideri Ukrayna limanlarından taxılın dünyaya daşınmasını təmin edən Türkiyə Prezidenti Ərdoğana təşəkkür edib. Onu da qeyd edək ki, bu görüş İstanbulda baş verən terror hadisəsidən sonra gerçəkləşib. 

Politoloq Tural Rzayev Qaynarinfo-ya açıqlamasında bildirib ki, Türkiyə ABŞ münasibətlərinin problemsiz dövrə qədəm qoyduğunu iddia etmək tezdir:

"Amma ən azından görüş baş tutdu. İki ölkə rəhbəri uzun müddət idi ki, görüş keçirə bilmirdi. G20-in sammitində isə bunun üçün əlverişli şərait yarandı. Artıq görünən odur ki, ABŞ Türkiyə olmadan regionda vəziyyətə nəzarət etməyin çətin olacağını anlayıb. Əvvəllər Bayden açıq şəkildə Türkiyənin önəmini azaltmağa çalışırdı. Türkiyəyə qarşı F-35 və F-16 qadağası gündəmdə idi. İndi isə Baydenin Ərdoğanla görüşə razılıq verməsi, görüşün uzun müddətli olması və mətbuat konfransı keçirilməsi o deməkdir ki, Vaşinqton Ankarasız regionda qalmağın çətin olacağını anlayır. Türkiyə ən azından neytral dövlət kimi həm Qərb, həm də Rusiya ilə əlaqə saxlayır. Taxıl koridorunun açılmasında xüsusi rol oynayıb. Eyni zamanda, Türkiyə Uzaq Şərqdən gələn iki rus gəmisinin Qara dənizə daxil olmasına imkan verməyib. Bütün bunlar isə Türkiyənin regional önəmini daha da artırır. İstisna etmirəm ki, tərəflər qarşılıqlı güzəştlər barədə də razılıq əldə ediblər”. 

Rüfət Sultan