Xəbər lenti

Ekonomiks 15:08 02.02.2024

Belə dəstək proqramları daha da genişlənməlidir - Ekspert

(Yazı "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusu üzrə hazırlanıb) 

Azərbaycanda azad sahibkarlığın və liberal iqtisadiyyatın güclənməsi istiqamətində ildən-ilə yeni-yeni addımlar atılır. Atılan bu addımlar ölkənin iqtisadi inkişafına təkan verir. Artıq liberal iqtisadi addımlar işğaldan azad edilmiş ərazilərə də sirayət etməyə başlayıb. Belə ki, mətbuatın yazdığına görə, Xankəndidə fəaliyyət göstərmək istəyən sahibkarlara bir sıra güzəştlər olacaq. 

Mikro sahibkarlar üçün əsas tələblər onların həmin sahə üzrə təcrübələrinin olması, ən qısa zamanda fəaliyyətlərini bərpa edə bilmələri, vergi və digər öhdəliklərinin olmamasıdır. Bundan başqa, dövriyyə vəsaitlərinin olması da əsasdır.  

Xankəndidə fəaliyyət göstərmək istəyən iş adamları üçün nəzərdə tutulan güzəştlər isə bunlardır: 

Vergi güzəştləri, sosial güzəştlər, kommunal güzəştlər və 10 il müddətinə vergidən azad olma. 

Bu istiqamətdə atılması gözlənilən addımlar istər-istəməz həmin ərazilərdə də azad sahibkarlıq və liberal iqtisadiyyatın geniş təşviqinə rəvac verəcək.

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli atılması gözlənilən sözügedən addımı liberal iqtisadiyyat və azad sahibkarlığın inkişafı yolunda mühüm addım kimi dəyərləndirdi: 

"İstənilən vergi güzəştləri təbii ki, təqdirəlayiq haldır. Xüsusən də azad sahibkarlıq və liberal iqtisadiyyatın inkişafına təkan vermək baxımından. İşğaldan azad olunmuş bölgələrimizdə fəaliyyət göstərəcək biznes strukturlarına vergi güzəştlərinin olması bu mənada doğru addımdır. Belə dəstək proqramları daha da genişlənməlidir ki, liberal iqtisadiyyat daha geniş yayılsın”. 
 


Amma ekspertə görə, liberal iqtisadiyyatla bağlı problemin həlli təkcə vergi güzəştləriylə bitmir:

"Bunun üçün digər alt komponentlər də olmalıdır. Biznes həmin bölgədə fəaliyyət göstərməkdə maraqlı olmalıdır. Əhali köçməlidir ki, biznes onlara xidmət göstərib, pul qazansın. Bu mənada böyük köçün baş verməsindən sonra biznes strukturlarının Qarabağda fəaliyyəti üçün geniş imkan və fürsətlər yaranacaq. O, zaman vergi güzəştlərinin də mühüm təsirləri olacaq”.

Rüfət Sultan

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. 
 

 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->