"Dünyaya nikahdankənar uşaq gətirən cütlüklər ağır cəzalandırılmalıdır. Amma tətbiq edilən cərimə o qədər böyük olmalıdır ki, hər kəs nikahdankənar uşaq dünyaya gətirməkdən çəkinsin”.
Bunu Qaynarinfo-ya sosioloq Mail Yaqub 2023-ci ildə 18 800-dən çox nikahdankənar doğulan uşaqlarla bağlı statistikadan danışarkən deyib.
Sosioloq bu problemin bütün ölkələrdə, eləcə də Azərbaycanda olduğunu diqqətə çatdırıb:
"Şübhəsiz ki, bunun ən böyük səbəbi 18 yaşına çatmamış qızların evliliyi zamanı nikahın bağlanmamasıdır. Yetkinlik yaşına çatmayan qızlar ailə qurur, amma əksəriyyəti nikah bağlamır. Bu, əsasən də bölgələrdə baş verir. Belə ailələrdən dünyaya gələn uşaq doğumları rəsmiləşmir. Başqa bir səbəbi də ola bilər. Mənim əlimdə statistika yoxdur. Məsələn, vətəndaş nikahında olan, rəsmi nikahda olmayan cütlüklərin uşaq dünyaya gətirməsi halları var. Bu pis haldır. Azərbaycan Hindistan deyil ki, uşaqların bir hissəsi nikahdankənar doğulsun".
Sosioloq mütləq bunun qarşısının alınmasının vacibliyini vurğulayıb:
"Necə alınmalıdır? Birincisi, hüquqi prosedur tətbiq edilməlidir. Burada ağır cərimlər tətbiq edilməlidir. İkincisi məsələ maarifləndirmədir. Maarifləndirmə bütün sahələrdə aparılmalıdır. Məsələn, televiziyalarda, radiolarda, sosial şəbəkələrdə və s.".
Sosioloq nikahdankənar doğulan uşaqların statistikasının çox büyük olduğunu vurğulayıb:
"15% - bu o deməkdir ki, həmin uşaqların gələcəkdə dövlət tərəfindən maliyyə alması, hər hansı sosial proqramlarda iştirak etməsi mümkün olmayacaq. Çünki bu uşaqlar rəsmi siyahıya düşmürlər".
Xatırladaq ki, nikahdankənar doğulan uşaqların sayı artmaqdadır. 2021-ci ildən 17 500-dən çox belə doğulan uşaq olubsa, 2023-cü ildə bu göstərici 7% artaraq 18 800-ü keçib. 2022-ci ildə anadan olan hər 7 uşaqdan birinin anası rəsmi nikahda olmayıb.
Bahar Rüstəmli
Şərhlər