Siyasət 14:00 29.06.2022

Biz Qarabağa həmişəlik qayıdırıq - Deputat

"Prezident İlham Əliyevin Şərqi Zəngəzura səfəri işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması və vətəndaşlarımızın öz ata-baba yurdlarına qayıtmasının təşkili baxımından olduqca vacib əhəmiyyətli bir səfər kimi yadda qaldı. Azərbayan 30 il sürən işğaldan sonra öz torpaqlarını azad edib. Hazırda ən ümdə milli vəzifəmiz azad olunmuş torpaqlarımıza həyatı, insanlarımızı qaytarmaqdır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
 
Deputat bunun üçün bir necə vacib məsələnin öncədən həll edilməsi vacibliyini vurğulayıb:
 
"Birincisi, sərhdlərimizdə və bütövlükdə işğaldan azad edilmiş ərazilərimizdə təhlükəsizlik təmin edilməlidir. Azərbaycan ordusu və digər müvafiq qurumlarımız bu işin öhdəsindən layiqincə gəlirlər. Elə Müzəffər Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etdi. Mərasimdə çıxışı zamanı məhz təhlükəsizlik məsələlərini önə çəkərk bildirdi ki, bu gün hərbi hissənin açılması bir daha göstərir ki, biz istədiyimizə nail olacağıq - Qarabağı və Şərqi Zəngəzuru bərpa edəcəyik. Artıq bu proses başlayıb, Qarabağda və Şərqi Zəngəzurda bizim hərbi gücümüz daim möhkəm olmalıdır. Ona görə bu günkü mərasim xüsusi və rəmzi məna daşıyır. İkinci vacib məsələ erməni barbarları tərəfindən dağıdılan kənd və şəhərlərimizin yenidən qurulmasıdır ki, hazırda bu prosesin ilkin mərhələsindəyik .Yəni, bunun üçün ilk növbədə yol nəqliyyat infrastrurkturu da daxil olmaqla enerji və digər bütün kommunikasitaların yaradılması vacibdir. Eyni zamanda yurd yerlərinə qayıdacaq vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi də əsas prioritetlərdən birdir”. 

Deputat həmçinin Prezidentin Laçın və Kəlbəcərdə bir neçə su elektrik stansiyalarının təməlini qoyduğunu bildirib:
 
"Kəlbəcərdə "İsti-su” sanatoriyasının və "İsti-su” mineral su zavodunun tikinti işlərinə start verdi. Tikilməkdə olan körpü və yolların tikinti işləri ilə tanış oldu. Eyni zamanda laçında Beynəlxalq Hava Limanının və Həkəri-çay su anbarının tikinti işlərinin gedişi ilə maraqlandı. Bütün bu layihələrin icra edilməsinin hər biri özlüyündə ayrıca hadisədir və Şərqi Zəngəzurun inkişafı üçün açar rolunu oynayacaq. Ancaq məsələnin həm də mühüm mənəvi tərəfi mövcuddur”.

Hikmət Babaoğlu hesab edir ki, böyük çoşqu ilə uzun illər işğal altında qalan, adlarını tələffüz etdiyimiz zaman kədərə boğulduğumuz vətən torpaqlarına qayıdırıq: "Bu əsl milli qurur hadisəsidir”.

Bahar Rüstəmli