Bu ilin may ayında Ukraynanın mülki əhalisi arasında Rusiyanın tammiqyaslı işğalının başlanmasından bəri digər aylardan daha çox itki qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bunu BMT Baş katibinin siyasi məsələlər və sülh quruculuğu üzrə müavini Rozmari DiKarlo iyulun 9-da Nyu-Yorkda keçirilən BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.
"BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi (OHCHR) məlumat verib ki, Ukraynada mülki əhali arasında — ölən və yaralananlar da daxil olmaqla — itkilərin sayı may ayında münaqişənin başlanmasından (Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən — UNİAN) bəri istənilən digər aydan daha yüksək olub", deyə DiKarlo vurğulayıb.
Onun sözlərinə görə, iyun ayı üzrə ilkin məlumatlar daha çox itkinin olduğunu göstərir. Ən azı 265 nəfər öldürülüb, 1816 nəfər yaralanıb: "Bu narahatedici tendensiya, görünür, iyul ayında da davam edir".
Bununla yanaşı, Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya qarşı tammiqyaslı işğalından bu yana ümumilikdə ən azı 16 402 mülki şəxsin öldüyü təsdiqlənib. Onların arasında 802 uşaq var. Yaralanan mülki şəxslərin sayı isə 48 428 nəfər təşkil edir, onlardan 2948-i uşaqdır.
"Bu rəqəmlər yalnız təsdiqlənmiş itkiləri əhatə edir. Faktiki rəqəmlərin əhəmiyyətli dərəcədə daha yüksək olması ehtimal olunur", deyə DiKarlo bildirib.
O, həmçinin Rusiyanın iyulun 2-si, 6-sı və 8-də həyata keçirdiyi üç genişmiqyaslı hücum dalğasını qətiyyətlə pisləyib.
Öz növbəsində, Ukraynanın BMT-də daimi nümayəndəsinin müavini Vladimir Pavliçenko Təhlükəsizlik Şurasının iclasında bildirib ki, beynəlxalq ictimaiyyət "Rusiyanın cinayətləri ilə bağlı BMT Təhlükəsizlik Şurasının iflic vəziyyətinə son qoymalıdır".
"Bu baxımdan biz Təhlükəsizlik Şurasının üzvlərini daha çox gecikmədən dərhal və qeyd-şərtsiz atəşkəsə çağıran qətnamə layihəsini müzakirəyə çıxarmağa çağırırıq", deyə Pavliçenko vurğulayıb.
Diplomat əlavə edib ki, Rusiyanın yeganə yolu Ukraynaya qarşı işğalçı müharibəni dərhal dayandırmaq olmalıdır.
Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücumlarını davam etdirir, o cümlədən ballistik raketlərdən istifadə edir. Bu hücumlar mülki infrastrukturun, çoxmərtəbəli binaların və ukraynalıların şəxsi əmlakının ciddi şəkildə dağıdılmasına səbəb olur.
Aydın
Şərhlər