Ölkə 11:00 26.05.2022

"Bu məktəbdə 40 ilə yaxın qız təhsil almayıb" - Məktəb direktoru

"Təxminən 40 ilə yaxın zamanda bu peşə məktəbində bir nəfərdə olsa qız təhsil almayıb.

Qaynarinfo xəbər verir ki, bu sözləri Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin direktoru Etibar Sadıqov mərkəzdə təhsil alan tələbələr haqqında danışarkən deyib.
O bildirib ki, ilk dəfə bu peşə məktəbinə 40 il sonra 2018-ci ildə bir qız qəbul olub: "2018-ci ildə peşə məktəbinə 19 qız, 1 oğlan qəbul olub. Hazırda məktəbdə 450 tələbə təhsil alır ki,  onlardan 51-i qızdır. Bu qızlar üzlükçü, dizayner, tikişçi peşələri üzrə təhsil alırlar”. 

Peşə mərkəzindəki ixtisaslardan da danışan direktor bildirib ki, tələbələr hazırda 16 ixtisas üzrə təhsil alır. Ancaq yaxın gələcəkdə bu ixtisasların sayı artırılacaq, xüsusi ilə qızlar üçün yeni ixtisaslar yaradılacaq: "Gələcək üçün şirniyyatçı, qənnadçı kimi yeni ixtisasların yaradılması nəzərdə tutulub”.

Qeyd edək ki, mərkəzin yeni binasının tikintisinə 2019-cu ildən başlanıb. Məktəb binası dövlət hesabına yenidən əsaslı təmir olunur. Məktəbin ərazisi genişləndirilib, tələbələr üçün yeni şərait yaradılır. Məktəbdə emalatxana, yataqxana, idman zalı, anbar, qaraj, avtotəmir, istixana, ferma fəaliyyət göstərir.

Təmirdən sonra tələbələrin emalatxanası xüsusiilə böyüdüləcək və müxtəlif istiqamətlərdə peşələrə yiyələnmələri üçün şərait yaradılacaq.
 
Günay İlqarqızı