Ekonomiks 09:38 04.11.2023

Bu rayonun sakinlərinə şad xəbər: MİDA sosial binaların inşasına başlayır

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Azərbaycanın daha bir rayonunda sosial binaların inşasına başlayır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, çoxmənzilli yeni yaşayış binaları Yevlax şəhərində yerləşəcək.

Sosial mənzillər üçün şəhərin Rəşid Budaqov küçəsi 1 ünvanında iki hektara yaxın ərazi müəyyənləşib.

Həmin ərazidə Yevlax Yaşayış Kompleksi inşa olunaraq satışa çıxarılacaq. Kompleksdə ümumilikdə 6 çoxmənzilli yaşayış binasının inşası nəzərdə tutulub.

Yeddimərtəbəli 6 binadan ibarət kompleksdə 28-i birotaqlı, 14-ü studio tipli, 84-ü ikiotaqlı, 139-u üçotaqlı, 64-ü isə dördotaqlı olmaqla ümumilikdə 329 mənzil olacaq.

Hazırda Agentlik kompleksin tikintisini həyata keçirəcək inşaat şirkətlərinin axtarışındadır. Bu kompleksi inşa etmək istəyən tikinti şirkətləri MİDA-ya müraciət edə bilərlər.

Qeyd edək ki, daha əvvəl MİDA-nin yaşayış kompleksi layihələri Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Füzuli və Cəbrayılı əhatə edirdi. Eyni zamanda Şirvan Yaşayış Kompleksinin də inşasına başlanılacaq.