Dünya 22:43 26.05.2023

Bütün Rusiya dövləti kollektiv terrorçu kimi fəaliyyət göstərir - NATO

Ukrayna haqqında yalanlar yayan rusiyalı diplomatlar azad dünya ölkələrindən qovulmalıdır. 

Qaynarinfo xəbər verir ki, bunu NATO PA-nın vitse-prezidenti Mixal Şerba 15-ci Kiyev təhlükəsizlik forumu zamanı deyib.

Polşanın assambleyadakı daimi nümayəndə heyətinin rəhbərinin müavini olan Şerba bildirib ki, Avropa siyasətçilərinin əsas vəzifələrindən biri Rusiyanın təbliğatına zidd olaraq Ukraynadakı müharibənin reallıqları haqqında həqiqətləri öz xalqlarına çatdırmaqdır.

"Bu, təkcə Putinin müharibəsi deyil, bu, Rusiyanın müharibəsidir. Biz NATO Parlament Assambleyası olaraq artıq qeyd etmişik ki, Rusiya terrorçu dövlətdir. Yəni bütün Rusiya dövləti kollektiv terrorçu kimi fəaliyyət göstərir. Həmçinin bu dövlət Ukraynaya qarşı soyqırım törədir ki, bu bir neçə gün əvvəl qəbul edilmiş bəyannamədə də qeyd olunub”, - diplomat bildirib.

O, rusiyalıların mentalitetinin dəyişdirilməsinin uzun proses olacağını vurğulayıb. Amma işğalçı dövlətin yaydığı dezinformasiyaya qarşı mübarizə artıq aparılır.
"Biz Ukraynaya qarşı və müharibə ilə bağlı dezinformasiyadan istifadə edən bütün rusiyalı diplomatları ölkədən çıxarmalıyıq, - o təklif edib. - Avropalı siyasətçilər olaraq bizim vəzifəmiz cəmiyyətlərimizə və parlamentlərimizə cari hadisələri həqiqətin dili ilə formalaşdırmaqdan çəkinmədiyimiz mesajını çatdırmaqdır”.

Qeyd edək ki, bazar ertəsi, mayın 22-də NATO Parlament Assambleyası yekdilliklə Rusiyanın Ukraynaya qarşı cinayətlərini soyqırım, Kreml rejimini isə raşizm kimi tanıyıb.
 
Alpər