Video 10:15 12.01.2023

Cəlilabadda şok görüntü: Sərnişin avtobusu qaz balonu ilə qızdırılır (AÇIQLAMA/VİDEO)

Cəlilabadda rayon daxili mikroavtobusun qaz balonu vasitəsilə qızdırılması ilə bağlı sosial şəbəkələrdə video yayımlanıb. 

Qaynarinfo-nun məlumatına görə, bir neçə gündür hava qarlı-şaxtalı keçsə də, Cəlilabadda həm şəhərdaxili, həm də kənd və qəsəbələrə işləyən marşrut avtobuslarında qızdırıcı sistem işləmir. Rayonun marşrut sistemi heç bir meyara cavab vermir. Sərnişinlər hələ də istismar müddəti başa çatmış kiçiktutumlu mikroavtobuslarla daşınır.

Cəlilabad şəhərindən qəsəbə və kəndlərə işləyən "Mercedes 208 D” mikroavtobusunda sürücünün salonu qaz balonu ilə qızdırmasını əks etdirən görüntülər də bunun sübutudur.

Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Cəlilabad Avtovağzalının direktoru Ağahüseyn Nəzərov sözügedən mikroavtobusun onların tabeçiliyndə olmadığını bildirib. 

Cəlilabad Regional Nəqliyyat İdarəsindən isə Qaynarinfo-ya deyib ki, hadisə ilə bağlı araşdırma başlanılıb. Sürücü idarəyə çağırılaraq izahatı alınıb və xətdən kənarlaşdırılıb. 

Sürücü isə izahatında bildirib ki, sözügedən qaz balonun sərnişinə məxsusdur. Havanın soyuq olduğundan qızınmaq üçün qaz balonu yandırılıb.

Əhməd