Xəbər lenti

COP29: Quruyan Xəzər dənizi və Hacıqabul gölü problemi - İqlim dəyişikliyinə qarşı mübarizə
Aydın Səlimli
Ölkə 12:20 12.07.2024

COP29: Quruyan Xəzər dənizi və Hacıqabul gölü problemi - İqlim dəyişikliyinə qarşı mübarizə

İqlim dəyişiklikləri son on illiklərdə insanların ən çox üzləşdiyi problemlərdən biri olaraq qalır. Dünyada böyük iqtisadi inkişaf və nəticələr əldə olunub, amma bu nəticələrlə yanaşı məsuliyyətsiz, anti-ekoloji davranışlar səbəbindən iqlim dəyişikliklərinə yol açacaq çox ciddi problemlər də müşahidə olunur. 

Son illərdə dünya iqtisadiyyatının ətraf mühitə vurduğu ekoloji problemlər azalsa da, hazırda iqlim dəyişikliyi əsas problemlərdən biri olaraq qalır, az qala ana təbiət öz ilkin özəlliyini itirməkdədir - temperatur qalxır, meşələr məhv olur, çaylar və göllər quruyur, dənizlərin səviyyəsi aşağı düşür və s. və i.a. 

Ümumdünya Təbiəti Mühafizə Təşkilatının məlumatına görə, iqlim dəyişikləri ümumi havanın temperaturunun artmasına, qeyri-adi qlobal istilərin müşahidə olunmasına, buzların geri çəkilməsinə və dəniz səviyyələrinin rekord şəkildə yüksəlməsinə, bəzi hallarda isə, aşağı düşməsinə, dünya əhalisinin 30 faizinin ildə 20 gündən çox ölümcül istilik dalğalarına məruz qalmasına, son onillik (2010-2019) üçün orta temperaturun rekord səviyyəyə çatmasına, atmosferdəki karbon qazı ekvivalentinin yüksək səviyyəyə qalxmasına səbəb olub. Həmçinin iqlimi çirkləndirən emissiyaları azaltmaq üçün bugünkü qeyri-kafi qlobal öhdəliklər, pandemiyadan sonra yüksək karbonlu cəmiyyətlərə qayıdış nəticəsində istixana qazlarının yenidən artması 2030-cu ildə emissiyaları daha da artıra bilər.

İqlim dəyişiklikliklərinin həlli ilə bağlı zəruri tədbirləri çox sadalamaq olar. İqlim dəyişikliklərinin yaratdığı nəticələrin səbəblərini araşdırdıqda enerjinin əldə olunması zamanı bərpa olunan enerji mənbələrindən istifədə edilməsini, istehlak vərdişlərinin azaldılmasını və meşələrin qırılmasının qarşısının alınmasını, nəqliyyat vasitəsi kimi ən çox ekoloji dayanıqlı nəqliyyat vasitələrinin seçilməsi, kənd təsərrüfatında qida sistemlərinin bitkilərlə zəngin pəhrizlərə keçilməsni, yaşayış yerlərində enerjidən istifadə zamanı enerji səmərəliyinin artırılması kimi təxirəsalınmaz amilləri göstərmək olar.  

Eləcə də hökumətlər tərəfindən tullantıların istehsalının azaldılması üçün hədəflərin müəyyən edilməsini, dövri iqtisadiyyat təcrübələrinin təşviqi və davamlı satınalma siyasətlərinin dəstəklənməsi kimi tədbirləri əhatə edən siyasət və qaydaları da qeyd etmək olar.

Resursların yenilənməsinə əsaslanan iqtisadiyyata keçid məhsulların uzunömürlülüyünü, təmir və təkrar emal üçün dizaynı nəzərdə tutur. O, həmçinin tullantıların və resursların tükənməsini minimuma endirmək üçün məhsulların təkrar istifadəsini, təmiri və təkrar emalı kimi təcrübələrin təşviqini əhatə edir. Fərdlər daha davamlı həyat tərzini mənimsəyə bilərlər - bu, daha az istehlak etməyi, ətraf mühitə daha az təsir göstərən məhsulları seçməyi və gündəlik fəaliyyətlərin karbon izini azaltmağı özündə ehtiva edir. 

Ancaq bu kimi nünaslar problemin həllində tam məqsədə nail olmaq üçün hələ çox azdır. Bu baxımdan daha məsuliyyətli istehlakın və istehsalın mənimsənilməsi bu faktorların yaratdığı problemləri həll edə bilər.

İqlim dəyişikliyinə diqqət son dərəcədə əhəmiyyətlidir, çünki bu dəyişiklər istər-istəməz digər sahələrə zərər vurur. Bu baxımdan zərərin minumuma endirilməsi və öhdəliklərin birgə icrası daha məsuliyyətli davranışın formalaşmasına, bu sahədəki ziyanının minumuma endirilməsinə gətirib çıxara bilər. Öhdəliklərin həllində beynəlxalq nəzarət mexanizimin gücləndirilməsində, dəstəkləyici tədbirlərin görülməsində beynəlxaq təşkilatların rolu danılmazdır: ancaq birgə kollektiv səylərin əldə olunması üçün iqlim dəyişiklərindən ziyan görən və bu dəyişikləri azaltmağa nail olmaq istəyən hökumətlərin ortaq razılaşmalarının olması ən təsiredici amillərdən biridir. 

Bu kimi razılaşmalara misal olaraq ən nəhəng razılaşmalardan biri olan Paris razılaşmasının önəmi xüsusi vurğulanmalıdır. Bu razılaşmanın öhdəliklərini reallaşdıran əsas təşkilatlara nümuna kimi COP (Birləşmiş Millətlərin İqlim Dəyişikliyi Konfransını) göstərmək olar. Diqqətəlayiq haldır ki, iqlim dəyişiklərinin davam etdiyi bir zamanda bu cür həssas mövzuya diqqət durmadan artır. 

İqlim dəyişikləri məsələsində niyə hələ də ciddi irəlləyişin əldə olunmamasının səbəbi kimi bir çox məqamları misal gətirmək olar. 

Beynəlxalq sanksiya metodlarının olmaması, ölçmə-nəzərat imkanlarının məhdudluğu, qeyri-şəffaflıq, laqeydlik, yetərincə dəstəyin tapılmaması, resurs azlığı, bürokratiya və süni maneələr, öhdəliklərin yerinə yetirilməməsində ekoloji terror və s. nümunələr buna canlı misaldır. 

Azərbaycanın yenidən işlənmiş "Milli səviyyədə Müəyyən edilmiş Töhfələr” (NDS) öhdəlikləri beynəlxalq dəstək şərti ilə emissiyaları 1990-cı il səviyyələri ilə müqayisədə 2050-ci ilə qədər 40% azaltmağı nəzərdə tutur. Təsirlərin azaldılması tədbirləri üçün müəyyən edilmiş sektorlara enerji sərfi, sənaye prosesləri və məhsuldan istifadə, kənd təsərrüfatı, torpaqdan istifadə, torpaqdan istifadənin dəyişdirilməsi, meşə təsərrüfatı və tullantılara effektiv münasibət bura daxildir. Yenidən işlənmiş NDC həmçinin təsdiq edir ki, ölkə kənd təsərrüfatı kimi xüsusilə həssas sektorlar üçün müvafiq uyğunlaşma tədbirlərini planlaşdırmağa və həyata keçirməyə davam edəcək.

Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 22 aprel 2016-cı ildə imzalayıb və həmin ilin oktyabrında ratifikasiya edib. Məhz, Paris Sazişinin 4-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası 2015-ci ilin oktyabrında BMT İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının katibliyinə özünün "Milli səviyyədə Müəyyən edilmiş Töhfələr” (NDC) sənədini təqdim edib və qlobal miqyasda iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq, 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyalarının (İEYQ) 35% həcmində azaldılmasını hədəfləyib. Respublikamız 2021-ci ildə Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı Sessiyası (COP26) zamanı rəsmi olaraq qlobal iqlim dəyişmələrinə təsirini azaltmaq məqsədilə təşəbbüslərə töhfə olaraq 2050-ci ilə qədər qaz emissiyalarının 40% azaldılmanı hədəf kimi götürüb.

Bununla yanaşı, "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində "Prioritet olan İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış” adlı 4-cü Prioritetin və "Təmiz ətraf mühit və "yaşıl artım” ölkəsi” adlı 5-ci Prioritetlərin reallaşdırılması çərçivəsində hazırda 30 illik işğaldan azad edilmiş ərazilərimizdə infrastrukturun bərpası və SMART infrastrukturun formalaşması istiqamətində mühüm işlər həyata keçirilir. Belə ki, 30 illik işğaldan azad edilmiş ərazilərimizdə "yaşıl enerji" zonasının yaradılması, "ağıllı şəhər və ağıllı kənd" layihələri işlənib hazırlanmış və artıq icra olunmaqdadır. 

Nəzərə alsaq ki, iqlim dəyişikliyi proteksantizm mövzusu deyil, yəni burada "region dövlətləri bu məsələni özləri həll etməlidir” kimi yanaşma özünü doğrultmur - iqlim dəyişikliyi daha çox qlobal, trans-milli problemdir.  

Nəhayət, qeyd edək ki, noyabr ayında keçirilməsi planlaşdırılan və 197 ölkəninin qatılması planlaşdırılan COP29 tədbirinə bu il Azərbaycan ev sahibliyi edəcək.

COP29-un təşkilat komitəsi yaradılıb, fəalliyyət planı icra olunur. Bununla bağlı Azərbaycan prezidenti 2024-cü il yanvarın 13-də fərman imzalayıb. Prezident İlham Əliyevin sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılmasını nəzərdə tutur. Sərəncama əsasən COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyalarının 2024-cü ildə Bakı şəhərində təşkili və keçirilməsi təmin edilməlidir.

Həmçinin tədbir çərçivəsində müzakirə ediləcək məsələlərə təbiətin bərpası və mühafizəsi üçün maliyyənin genişləndirilməsi, inkişaf etməkdə olan ölkələrə və yerli xalqlara kapital axınının artırılması, sərmayə qoyula bilən NDC-lərə doğru iqlim maliyyəsi üçün magistralın yaradılması, dünyada mövcud olan iqtisadi imkanlardan yararlanmaq üçün kiçik və orta müəssisələrin səlahiyyətlərinin artırılması daxildir. Yaşıl iqtisadiyyat və bütün səslərin eşidildiyi inklüziv COP 29-un təmin edilməsi əsas şərtlərdən biridir.

Ancaq Azərbaycan bu təbirləri keçirməklə yanaşı həm də bir çox ekoloji problemlərlə də qarşı-qarşıyadır. Bu problemlərdən Xəzər dənizinin səviyyəsinin enməsini, bir vaxt Azərbaycanın ən böyük gölü olan Hacıqabul gölünün qurumasını göstərmək olar.

Xəzər dənizinin səviyyəsinin enməsi

Neft Daşları hidrometeoroloji stansiyasının müşahidə məlumatlarına əsasən, 2021-ci ildə orta illik səviyyə Baltik sistemi ilə -28,14 metr, 2022-ci ildə -28,42 metr, 2023-cü ildə isə -28,69 metr təşkil edib. 2021-2023-cü illər üzrə orta illik səviyyəni müqayisə etdikdə, Xəzərdə səviyyənin 55 sm azalması qeydə alınıb. Həmin stansiyanın müşahidə məlumatlarına əsasən, 2024-cü ilin iyun ayında Xəzər dənizinin orta aylıq səviyyəsi 28,67 metr təşkil edib.

"Nature” jurnalında alimlərin dərc edilən rəyinə əsasən Xəzərin səviyyəsinin proqnozlaşdırılan həcmdə azalması Şimal Xəzər şelfinin itirilməsi ilə birlikdə çirklənməyə, həddindən artıq istismar nəticəsində ekosistemə də ciddi təsirlərə səbəb olacaq. Qışda dənizin buz sahəsinin azalması nəsli kəsilməkdə olan Xəzər suitilərinin balalama yerlərinin yoxa çıxmasına səbəb olacaq. Bu da çox güman ki, ekosistemlərin yenidən təşkilinə gətirib çıxaracaq və milyonlarla il ərzində hövzədə inkişaf edən unikal Xəzər bio-sisteminə təhlükə yaradacaq.

Digər nümunələrdən biri kimi də son illərdə suyu demək olar ki, quruyan Hacıqabul gölünü qeyd etmək olar. Göl Hacıqabul rayonu və Şirvan şəhərinin ərazisində yerləşir. Şirvan düzünün şimal hissəsində, Kür çayının sol tərəfində yerləşən gölə su Qarasudan və Kür çayından təmin edililir. Hacıqabul gölü köçəri quşların miqrasiyası dövründə onların müvəqqəti istirahəti və bataqlıqda yaşayan su quşlarının, o cümlədən, nəsli kəsilməkdə olan növlərin yuva qurmaları çox əlverişli şəraitə malikdir. Göldəki su durğundur və qışda donmur. Dərinliyi 5 metr, suyu ilıq olan bu göldə mamırların və onurğasızların bol olması quşlar üçün bol yem bazası yaradır. Gölün forma etibarilə oval şəklində olması sayəsində onun sahilindən ortasına qədər məsafəni böyük edir. Bu isə quşların özlərini qoruya bilməsi üçün mühüm şərait yaradır. Göl isə artıq qurumaqdadır və bu orada köç edən müxtəlif quş növlərinin kökünün kəsilməsinə gətirib çıxara bilər. Hacıqabul gölündə tonlarla balıq tutulub, orada 54 növ bataqlıq quşları olub. Hansı ki, bu quşlardan beşinin adı "Qırmızı kitab"a düşüb. Hacıqabul gölü 60-cı illərə qədər Kür çayı ilə qidalanırdı. 

Sonralar Mingəçevir Su Anbarının yaradılması, Kür çayında səviyyənin tənzimlənməsi Hacıqabul gölünün qurumasına gətirib çıxarıb. Göl qurumasın deyə, Kür çayından ora 6 kilometrlik şor Kür kanalı çəkilmişdi və gölün qidalanmasını təmin etmişdi. Lakin sonralar bu kanal müəyyən məişət tullantıları ilə tutulmuş və qidalanması dayanmışdı. Hazırda göldə quruma gedir. Bu kanal bərpa olunarsa, Hacıqabul gölünü əvvəlki vəziyyətinə qaytarmaq da olar. Canlı flora və fauna da burada yenidən canlanar. Son dövrdə Şirvan suvarma kanalının yenidən qurulması haqqında 14 aprel 2024-cü ildə verilən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, gölün su ilə təmin olunması, bərpası ilə bağlı işlər görülməyə başlanılıb. 

Bir sözlə, COP29 kimi böyük bir tədbirə ev sahibliyi etməyə hazırlaşan Azərbaycan öz şəxsi təcrübəsində iqlim dəyişiklərinin nə qədər ciddi problem olduğunu bilir və onları dünya dövlətlərilə birlikdə həll etməyə çalışır.
 
Aydın Səlimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->