"Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlarda dəyişiklik layihəsi özlüyündə iki vacib istiqamətdə mühüm dəyişiklikləri ehtiva edir.
Bunu e-huquq.az-a açıqlamasında deputata, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.
"Birincisi, hakim vəzifəsinə namizədlərin seçilməsi qaydasının daha da təkmilləşdirilməsi.
Məlumdur ki, "Məhkəmələr və hakimlər haqqında" qanunun 93-3 maddəsində hakim vəzifəsinə namizədələrin seçilməsi proseduru çoxsaylı əlavə elementlərlə müşayiət olunan mürəkkəb bir proses kimi təsbit olunub. Həmin maddənin dəyişiklik təklif edilən yeni versiyasında isə vakant hakim vəzifələrin qısa müddətdə komplektləşdirilməsi üçün hakimlərin seçilməsi prosesinin daha da sürətləndirilməsi təklif olunur. Daha dəqiq desək, hakim vəzifəsinə namizədlərin test imtahanı, yazılı imtahan və müsabiqə nəticəsində seçilməsi nəzərdə tutulur. Cəmi 3 mərhələ ilə kifayətlənən seçim prosesindən dərhal sonra isə hakim təyin olunan şəxslər aidiyyəti ixtisaslaşmanı təmin etmək üçün təlimlərə cəlb edilir", - deyə o bildirib.
Deputatın sözlərinə görə, qanun layihəsində təkmilləşdirilməsi nəzərdə tutulan digər istiqamət hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlıdır: "Bu məqsədlə "Məhkəmələr və hakimlər haqqında" qanuna 96-1 maddəsi əlavə olunur və hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşdırılmış orqanı olan Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması nəzərdə tutulur: "Məhkəmə-Hüquq Şurası haqqında" qanunun yeni redaksiyada verilən 13-cü maddəsində bu qiymətləndirmənin altı vacib məqsədi-ədalət mühakiməsinin kefiyyətinin artırılması, məhkəmə sistemində idarəçiliyin təkmilləşdirilməsi, hakimlərin vəzifədə irəli çəkilməsinin şəffaflığının təmin olunması, hakimlərin faəliyyətinin stimullaşdırılması, hakimlərin tədris ehtiyaclarının müəyyənləşdirilməsi və hakimin fəaliyyətinin davam etdirilməsinin uyğunluğu formasında müəyyən edilib".
B.Məhərrəmov deyib ki, yeni qaydalara görə hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin forma və metodologiyasını Məhkəmə-Hüquq Şurası müəyyən edir: "Hakimlərin müstəqilliyinə xələl gətirilməməsi üçün yalnız hakimlərdən ibarət olan 9 üzvdən ibarət Hakimlərin Qiymətləndirilməsi Komitəsi yekun rəyini Məhkəmə-Hüquq Şurasına təqdim edir. Qiymətləndirilmənin yekununda müəyyən olunan hər bir nəticəyə müvafiq olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən verilən qərarlar aidiyyəti qanunda dəqiq təsbit olunur".
"Bundan başqa, dəyişikliklər özündə bir sıra uyğunlaşdırma xarakterli normaları ehtiva edir, bütövlükdə məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların sürətlənməsi və daha effektiv təsirini göstərməsi istiqamətində mühüm hadisə hesab edilməlidir", - deyə deputat vurğulayıb.
Şərhlər