Xəbər lenti

Bank kreditləri ilə bağlı yeni sistem: Kimlər daha sərfəli kredit ala biləcək?
Ekonomiks 15:00 04.07.2026

Bank kreditləri ilə bağlı yeni sistem: Kimlər daha sərfəli kredit ala biləcək?

Azərbaycanda "açıq bankçılıq” sisteminin tətbiqi bankların müştərilərə daha fərdiləşdirilmiş kredit təklifləri verməsinə imkan yaradacaq. Yeni sistem sayəsində maliyyə qurumları vətəndaşların müxtəlif banklardakı maliyyə məlumatlarını nəzərə alaraq onların gəlir və ödəniş qabiliyyətini daha dəqiq qiymətləndirə biləcəklər. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan məlumat verib. Maraqlıdır, bu yanaşma kreditlərə marağı artıra bilərmi?

Azərbaycan Banklar Assosiasiyasından (ABA) "Kaspi” qəzetinə verilən məlumata görə, açıq bankçılıq bank sektorunda məlumat mübadiləsinin daha standart, təhlükəsiz və sistemli şəkildə həyata keçirilməsinə imkan yaradır. Bu model müştərinin razılığı əsasında banklar və fintexlər arasında inteqrasiyanı gücləndirir, maliyyə xidmətlərinin daha əlçatan və fərdiləşdirilmiş formada təqdim olunmasına şərait yaradır. Nəticədə bank sektorunda rəqəmsal xidmətlərin inkişafı, rəqabətin artması və müştəriyönümlü həllərin genişlənməsi üçün yeni imkanlar formalaşdırır.

"Kredit bazarında rəqabət genişlənəcək”

Fərdiləşdirilmiş kredit modelinin bankların risk idarəetməsinə necə təsir etməsinə gəldikdə isə, ABA-dan bildirilir ki, açıq bankçılıq banklara və fintexlərə müştərinin razılığı əsasında daha geniş maliyyə məlumatlarını təhlil etmək imkanı verir: "Müxtəlif bank hesabları üzrə gəlirlər, xərcləmə davranışı və ödəniş intizamı kimi məlumatların vahid şəkildə qiymətləndirilməsi risk analizinin daha dəqiq aparılmasına şərait yaradır. Bu yanaşma kredit qərarlarının daha məlumat əsaslı qəbul edilməsinə, risk profilinə uyğun fərdiləşdirilmiş kredit şərtlərinin formalaşdırılmasına və risk idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə imkan verir. Açıq bankçılıq kredit bazarında həm rəqabətin genişlənməsinə, həm də risk əsaslı qiymətləndirmə imkanlarının artmasına şərait yaradır. Eyni zamanda, daha geniş maliyyə məlumatlarının təhlili kredit qabiliyyətinin daha dəqiq qiymətləndirilməsini təmin edir. Bu isə kredit limitlərinin, faiz şərtlərinin və məhsul təkliflərinin müştərinin real maliyyə davranışına uyğun şəkildə müəyyən edilməsi deməkdir”.

"Bu, yalnız müştərinin razılığı əsasında həyata keçirilir”

Məlumatların paylaşılması, müxtəlif sistemlər arasında inteqrasiyanın genişlənməsi fonunda kibertəhlükəsizlik və məlumatların qorunması məsələləri də narahatlıq yaradır. ABA-nın məlumatına görə, açıq bankçılıq modelində əsas prioritet məlumat mübadiləsinin təhlükəsiz, şəffaf və tənzimləyici tələblərə uyğun şəkildə həyata keçirilməsidir: "Sistemdə bütün məlumat paylaşımı yalnız müştərinin razılığı əsasında həyata keçirilir. Eyni zamanda, əməliyyatların təsdiqlənməsi və məlumatlara çıxış gücləndirilmiş müştəri autentifikasiyası tələblərinə uyğun şəkildə icra olunur (OTP, biometrik identifikasiya və digər təhlükəsizlik həlləri vasitələri). Bununla yanaşı, banklar və digər maliyyə institutları daxili risk idarəetməsi, kibertəhlükəsizlik və məlumatların qorunması istiqamətində nəzarət mexanizmlərini davamlı olaraq gücləndirməlidirlər”.

Bank sektorunda fundamental dəyişiklik

Bank nümayəndəsi Ləman Şeyxəliyeva deyir ki, açıq bankçılıq sayəsində bank sektorunda ən fundamental dəyişiklik məlumatların idarə olunması və istifadəsi modelində yaranacaq: "Ənənəvi yanaşmada müştərinin maliyyə məlumatları əsasən yalnız xidmət aldığı bankın daxilində mövcud olurdu. Açıq bankçılıq isə müştərinin razılığı əsasında müxtəlif maliyyə institutlarında olan məlumatların təhlükəsiz şəkildə paylaşılmasına imkan verir. Bu dəyişiklik nəticəsində banklar müştərini daha dolğun və obyektiv qiymətləndirə biləcəklər. Məsələn, bir müştərinin əsas əməkhaqqı hesabı bir bankda, əmanəti digər bankda, gündəlik ödəniş əməliyyatları isə fərqli maliyyə platformalarında ola bilər. Açıq bankçılıq sayəsində müştərinin ümumi maliyyə mənzərəsini görmək mümkün olacaq. Digər mühüm dəyişiklik rəqabət mühitində müşahidə ediləcək. Əvvəllər müştərini əldə saxlamaq üçün əsas üstünlüklərdən biri məlumat üstünlüyü idisə, açıq bankçılıq dövründə banklar daha çox xidmət keyfiyyəti, istifadəçi təcrübəsi, məhsul innovasiyaları və sürətli qərarvermə ilə fərqlənməyə çalışacaqlar. Bununla yanaşı, açıq bankçılıq maliyyə ekosisteminin formalaşmasını sürətləndirəcək. Banklar, fintex şirkətləri, elektron ticarət platformaları və digər rəqəmsal xidmət təminatçıları arasında inteqrasiya genişlənəcək. Nəticədə müştəri bir platforma üzərindən daha çox maliyyə xidmətinə çıxış əldə edəcək”.

Risk qiymətləndirməsi daha dəqiq olacaq

Bank əməkdaşı bildirir ki, açıq bankçılığın ən böyük üstünlüklərindən biri risk qiymətləndirməsinin daha dəqiq və data əsaslı həyata keçirilməsidir: "Hazırda kredit qərarları əsasən bankın özündə mövcud olan məlumatlar, kredit tarixçəsi və gəlir sənədləri əsasında verilir. Açıq bankçılıq isə bu məlumat bazasını əhəmiyyətli dərəcədə genişləndirir. Müştərinin müxtəlif banklardakı hesab hərəkətləri, ödəniş intizamı, xərcləmə davranışı, gəlir axınlarının sabitliyi və digər maliyyə göstəriciləri risk modellərinə daxil edilə bilər. Bu isə kredit riskinin daha dəqiq hesablanmasına imkan yaradır. Nəticədə iki mühüm üstünlük əldə olunur. Birincisi, risk səviyyəsi aşağı olan müştərilər daha sərfəli faiz dərəcələri və daha uyğun kredit şərtləri əldə edə bilərlər. İkincisi, ənənəvi kredit skorlama sistemlərində kifayət qədər tarixçəsi olmayan şəxslərin qiymətləndirilməsi daha asan olacaq. Məsələn, gənclər, yeni əmək fəaliyyətinə başlayan şəxslər və ya kiçik sahibkarlar alternativ məlumatlar əsasında daha obyektiv dəyərləndirilə biləcəklər”.

Şəffaflıq, seçim azadlığı və rəqəmsal aktivlik 

Ləman Şeyxəliyeva bildirir ki, bu sistemin tətbiqindən sonra müştəri davranışında daha çox şəffaflıq, seçim azadlığı və rəqəmsal aktivlik müşahidə olunacaq: "Müştərilər maliyyə xidmətlərini daha rahat müqayisə edə biləcəklər. Kredit, kart, əmanət və digər məhsullar üzrə təkliflər real vaxt rejimində fərdiləşdirilmiş formada təqdim ediləcək. İkinci mühüm dəyişiklik loyallıq anlayışında olacaq. Müştərilər yalnız bir bankla işləməyə meyilli olmayacaqlar. Onlar ən uyğun təklif təqdim edən maliyyə qurumunu seçəcək, xidmətlərini müxtəlif platformalar üzərindən idarə edəcəklər. Bu səbəbdən banklar müştərini saxlamaq üçün daha çox dəyər yaratmağa çalışacaqlar”.

Müştəri məmnuniyyəti artacaq

Bank eksperti Emin Kərimov da bildirir ki, açıq bankçılıq müasir dövrün tələblərindən biridir: "Sadə dildə desək, vətəndaşın bir bankda depoziti, digərində krediti, başqa bir bankda isə hesabı varsa, o, açıq bankçılıq sisteminə razılıq verməklə bütün bu məlumatları bir platforma üzərindən görə bilir. Beləliklə, istifadəçi öz maliyyə məlumatlarına vahid bir nöqtədən çıxış əldə edir. Bu sistemə bank hesabları, elektron cüzdanlar və digər maliyyə alətləri üzrə məlumatlar daxil ola bilər”.

Bank eksperti bildirir ki, ölkədə açıq bankçılıq funksionallığının tətbiqinə 2025-ci ilin sonlarında başlanılıb: "İlkin mərhələdə 13 bankın inteqrasiya olunduğu açıq bankçılıq ekosistemi hazırda genişlənərək 21 bankı və iki elektron pul təşkilatını əhatə edir”.

Mənbə: "Kaspi" qəzeti

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->