İyunun sonunda Avropanı bürüyən rekord istilərdən sonra getdikcə daha çox turist yay istirahəti üçün daha sərin bölgələrə üz tutur.
Qaynarinfo xəbər verir ki, "Time Out” nəşrinin yazdığına görə, son vaxtlar "coolcation” adlandırılan, mülayim iqlimə malik ölkə və bölgələrə səyahət trendi sürətlə populyarlaşır.
Məqalədə qeyd olunur ki, Avropa hələ iyun ayındakı isti dalğasının təsirindən tam çıxmamış meteoroloqlar iyulda da yüksək temperaturun yenidən müşahidə oluna biləcəyi barədə xəbərdarlıq edirlər. Bu səbəbdən bir çox səyahətçi ənənəvi cənub kurortlarından imtina edərək Şimali Avropanın daha sərin bölgələrinə üstünlük verir.
Nəşrin məlumatına görə, yeni turizm tendensiyası daha komfortlu iqlimə malik istiqamətlərin şüurlu şəkildə seçilməsindən ibarətdir. Söhbət əsasən Şimali Avropa şəhərlərindən gedir. Burada turistlər qızmar istinin əvəzinə sərin hava, yaşıllığını qoruyan təbiət və mülayim temperaturdan zövq ala bilirlər.
Məqalədə bildirilir: "Bu, isti günləri mənzərəli təbiətlə, yuxusuz isti gecələri isə fiyordların sərin havası ilə əvəz etmək üçün şimal istiqamətlərinə qəsdən səyahət planlaşdırmağı nəzərdə tutan "colocation" trendinin yüksəlişidir".
Reytinqə İsveçin Höteborq şəhəri başçılıq edir. Nəşr şəhərin populyarlığını avqust ayında havanın 13–21 dərəcə Selsi arasında dəyişməsi və Stokholmla müqayisədə daha az turist qəbul etməsi ilə izah edir. Höteborqun üstünlükləri sırasında kanallar, rəngarəng taxta evlər, dəniz sahili və cənub arxipelaqının adalarına bərə ilə səyahət imkanları göstərilir.
"Opodo” turizm agentliyinin məlumatına görə, Höteborqa maraq 33 faiz artıb. İkinci yerdə isə populyarlığı 22 faiz yüksələn Stokholm qərarlaşıb. İsveç paytaxtı 14 ada üzərində yerləşdiyindən su şəhərin ayrılmaz hissəsidir. Burada geniş yayılmış ictimai çimərlik mədəniyyəti də isti günlərin daha rahat keçməsinə kömək edir. Tövsiyə olunan məkanlar arasında şəhər mərkəzinin yaxınlığındakı Hellasgården gölü, orta əsrlərə aid Qamla Stan rayonu və 30 mindən çox adadan ibarət Stokholm arxipelaqı yer alır.
2026-cı il üçün Avropanın ən yaxşı "sərin yay istirahəti" istiqamətləri siyahısına həmçinin Sürix və Cenevrə (İsveçrə), Oslo (Norveç), eləcə də İnsbruk və Zaltsburq (Avstriya) daxil edilib.
Aydın
Şərhlər