Xəbər lenti

Marsdakı sirli obyekt yenidən gündəmdə: Həqiqətən yadplanetli silahı ola bilərmi?
Dünya 20:20 04.07.2026

Marsdakı sirli obyekt yenidən gündəmdə: Həqiqətən yadplanetli silahı ola bilərmi?

Marsda illər əvvəl çəkilmiş bir fotoşəkil sosial şəbəkələrdə yenidən geniş müzakirələrə səbəb olub. Bir tədqiqatçının irəli sürdüyü iddia mübahisələr yaratsa da, alimlər görüntüyə tamamilə fərqli izah verirlər.

Qaynarinfo xəbər verir ki, "Daily Mail”in məlumatına görə, söhbət NASA-nın "Opportunity” marsoxodunun 2014-cü ildə əldə etdiyi görüntülərdən birində görünən qeyri-adi formalı obyektdən gedir. Təxminən 12 il əvvəl çəkilmiş bu görüntü son günlər yenidən diqqət mərkəzinə düşüb.

Yadplanetli silahı iddiası

"UFO Sighting Daily” saytının yaradıcısı Skott S. Uorinq obyektin adi qaya olmadığını iddia edib.

O, "X” platformasında paylaşdığı məlumatda bildirib: "Marsdakı yadplanetli silahına aid şəkillərdən yalnız biri hələ də mövcuddur. Digər görüntülər "NASA” tərəfindən qəsdən silinib".

Tədqiqatçı daha əvvəl saytında dərc etdiyi yazıda obyektin təxminən 30 santimetr uzunluğunda olduğunu irəli sürərək onun görünüşünün "inanılmaz" olduğunu qeyd edib.

Bununla yanaşı, Uorinq NASA-nın Mars missiyalarının əsl məqsədinin yadplanetli texnologiyalarını araşdırmaq və ələ keçirmək olduğunu da iddia edib. Lakin bu fikirləri təsdiqləyən heç bir elmi sübut və ya rəsmi açıqlama mövcud deyil.


Alimlər: Bu, pareidoliya ola bilər

Mütəxəssislərin fikrincə, obyektin silaha bənzədilməsi insan beyninin "pareidoliya" adlanan psixoloji xüsusiyyəti ilə izah oluna bilər. Bu fenomen insanların təsadüfi formalarda tanış simalar və ya əşyalar görməyə meyilli olmasını ifadə edir.

Məsələn, buludlarda heyvan fiqurları, Ayın səthində insan üzü və ya qayalarda süni obyektlərə bənzər formalar görmək pareidoliyanın tipik nümunələridir.

Marsdan göndərilən görüntülərdə də əvvəllər qayaların insan kəlləsinə, qədim heykəllərə, qapılara, piramidalara və müxtəlif texnoloji qurğulara bənzədiyi barədə çoxsaylı iddialar səsləndirilib. Lakin indiyədək aparılan elmi araşdırmalar bu fərziyyələrin heç birini təsdiqləməyib.

NASA dəfələrlə bəyan edib ki, Marsda indiyədək nə hazırkı, nə də keçmiş yadplanetli həyatın mövcudluğunu təsdiqləyən qəti sübut aşkarlanmayıb. Agentlik bildirir ki, Mars missiyalarının əsas məqsədi planetin geoloji tarixini, iqlim təkamülünü və keçmişdə burada həyat üçün əlverişli şəraitin olub-olmadığını araşdırmaqdır.



Sosial şəbəkələrdə mübahisələr

Uorinqin paylaşımı sosial şəbəkə istifadəçiləri arasında da fikir ayrılığına səbəb olub. Bəzi istifadəçilər obyektin həqiqətən qeyri-adi göründüyünü bildirsələr də, əksəriyyət bunun adi qaya parçası olduğunu hesab edib.

Bir istifadəçi "Mən ekspert deyiləm, amma bunun sadəcə qaya olduğuna inanıram", deyə yazıb.

Başqa bir istifadəçi isə istehza ilə belə şərh verib: "Yadplanetlilər niyə insanların əlinə uyğun silah hazırlasınlar? Onların da barmaqları var idi?"



Ayaqqabı iddiası da irəli sürülmüşdü

Skott S. Uorinq daha əvvəl də Marsdakı qayaları yadplanetli sivilizasiyalarının izləri kimi təqdim etmişdi.

O, 2016-cı ildə "Opportunity”nin köhnə görüntülərindən birində ayaqqabıya bənzər obyekt aşkar etdiyini iddia etmiş və bunun milyonlarla il əvvəl yaşamış inkişaf etmiş bir sivilizasiyanın nümayəndəsinə aid ola biləcəyini bildirmişdi.

Lakin NASA-nın yayımladığı orijinal şəkilləri araşdıran mütəxəssislər həmin obyektin ətrafdakı digər qaya parçalarından fərqlənmədiyini bildirərək bunun da pareidoliya nümunəsi olduğunu vurğulamışdılar.
 


"Opportunity"nin uğurlu missiyası

"Opportunity” marsoxodu 25 yanvar 2004-cü ildə Marsın "Meridiani Planum” bölgəsində yerləşən "Eagle” kraterinə uğurla eniş edib.

İlkin olaraq cəmi 90 Mars günü fəaliyyət göstərməsi planlaşdırılan aparat gözləniləndən xeyli uzun müddət — təxminən 15 il işləyərək planetin geoloji quruluşu, süxurları və keçmişdə suyun mövcudluğuna dair mühüm məlumatlar toplayıb.

2018-ci ilin iyununda Marsı bürüyən qlobal toz fırtınası nəticəsində aparatın günəş panelləri tamamilə örtülüb, enerji ehtiyatı tükənib və Yerlə əlaqəsi kəsilib. Uzunmüddətli bərpa cəhdələri nəticə vermədikdən sonra "NASA” 2019-cu ilin fevralında "Opportunity” missiyasının rəsmi olaraq başa çatdığını elan edib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->