Beynəlxalq tədqiqatçılar qrupu yaş artdıqca orqanizmdə qarın nahiyəsində piy yığılmasının niyə sürətləndiyini izah edə biləcək mexanizmi müəyyənləşdirib. Alimlər illər keçdikcə daha çox piy hüceyrəsi əmələ gətirən yeni tip kök hüceyrələr aşkar ediblər.
Qaynarinfo xəbər verir ki, araşdırmanın nəticələri "Science” jurnalında dərc olunub. Bu barədə "RMF24” məlumat yayıb.
"City of Hope” Tibb Mərkəzi və Los-Ancelesdəki Kaliforniya Universitetinin alimləri ağ piy toxumasını və adipositlərin sələf hüceyrələrini — yetkin piy hüceyrələrinə çevrilə bilən hüceyrələri araşdırıblar.
Təcrübə zamanı onlar gənc və yaşlı siçanlardan götürülmüş bu hüceyrələri gənc siçanlara köçürüblər.
Məlum olub ki, yaşlı siçanlardan götürülən hüceyrələr xeyli daha çox yeni piy hüceyrəsi əmələ gətirir. Gənc siçanlardan götürülən hüceyrələr isə yaşlı heyvanlara köçürüldükdən sonra da aşağı aktivlik nümayiş etdirib.
Tədqiqat müəlliflərinin sözlərinə görə, bu nəticə göstərir ki, yaşlanma ilə birlikdə hüceyrələrin öz xüsusiyyətləri dəyişir və onların piy hüceyrələri yaratmaq qabiliyyəti artır.
Yeni hüceyrə tipi aşkarlanıb
Bu prosesin mexanizmini anlamaq üçün alimlər ayrı-ayrı hüceyrələrin gen aktivliyini təhlil ediblər. Onlar müəyyən ediblər ki, yaş artdıqca sələf hüceyrələrinin bir hissəsi əvvəllər məlum olmayan yeni hüceyrə tipinə çevrilir. Bu hüceyrələrə CP-A adı verilib.
Məhz CP-A hüceyrələrinin yeni piy hüceyrələri yaratmağa daha çox meylli olduğu müəyyən edilib. Tədqiqatçılar həmçinin bu prosesdə hüceyrələrarası siqnal ötürülməsində iştirak edən LIFR reseptorunun mühüm rol oynadığını aşkar ediblər.
İnsanlarda da oxşar mexanizm müşahidə olunub
Araşdırmanın son mərhələsində alimlər müxtəlif yaş qruplarına aid insanların piy toxuması nümunələrini də öyrəniblər.
Nəticədə orta yaşlı insanlarda da CP-A hüceyrələrinə çox bənzəyən hüceyrələrin mövcud olduğu və onların gənclərlə müqayisədə daha çox olduğu müəyyən edilib. Bu hüceyrələrin də yeni piy hüceyrələri yaratmaq baxımından yüksək aktivlik göstərdiyi məlum olub.
Tədqiqat müəlliflərinin fikrincə, bu kəşf yaşla əlaqədar qarın piylənməsinə qarşı yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər.
Əgər gələcəkdə alimlər CP-A hüceyrələrinin fəaliyyətini zəiflətməyə və ya onları piy toxumasından aradan qaldırmağa nail olsalar, bu, qarın nahiyəsində piy yığılmasının qarşısının alınması və müalicəsi üçün yeni yanaşmaların əsasını qoya bilər.
Tədqiqatçılar xatırladıblar ki, bel ətrafında həddindən artıq piy yığılması 2-ci tip şəkərli diabet, ürək-damar xəstəlikləri və maddələr mübadiləsinin pozulması riskini artırır.
Aydın
Şərhlər