"Bu gün sosial media həyatımıza çox ciddi təsir göstərir".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Deputat bildirib ki, bu problem artıq hər kəs tərəfindən hiss olunur:
"Bu, uşaqların psixologiyasına da ciddi təsir göstərir. Ona görə də bu gün qarşımızda duran ən mühüm məsələlərdən biri uşaqların bu təsirlərdən qorunması və onların sağlam böyüməsidir”.
Ceyhun Məmmədov qeyd edib ki, bu problem hazırda bütün dünyada aktualdır:
"Bütün dünya bu məsələdən narahatdır. Bizim ölkəmizdə də bununla bağlı işlər görülür. Qanunlara əlavələr edilir, yeni hüquqi baza yaradılır. Bu məsələnin həllində valideynlərin üzərinə böyük məsuliyyət düşür. Problemin həlli yalnız bir vasitə ilə mümkün deyil. Valideynlər, məktəb, cəmiyyət – hər kəs üzərinə düşən vəzifəni yerinə yetirməlidir ki, biz gənclərimizi bu təsirlərdən qoruya bilək”.
Deputatın fikrincə, bu tələblərə əməl olunmasa, problem daha da kəskinləşəcək və daha çox gəncin tərbiyəsinə, eləcə də psixologiyasına mənfi təsir göstərəcək.
Bahar Rüstəmli
Şərhlər