XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Dini nikahda mehr məsələsi: Qadının hansı hüquqları var?
Ölkə16:29 18.08.2026

Dini nikahda mehr məsələsi: Qadının hansı hüquqları var?

Nikah zamanı mehriyyənin müəyyənləşdirilməsi İslam ailə hüququnda mühüm məsələlərdən biri hesab olunur. Mehrin məbləği, kimin mülkiyyətində olması, qadının onu nə vaxt tələb edə bilməsi və hansı hallarda ərinə bağışlamasının mümkünlüyü ilə bağlı müxtəlif yanaşmalar mövcuddur. Azərbaycanda isə dini nikahla dövlət qeydiyyatında olan nikahın hüquqi nəticələri də bir-birindən fərqlənir.

Qaynarinfo "islamda mehr nədir" "mehrin məbləği necə müəyyən edilir", "mehr qadına hansı hüquqlar tanıyır" kimi sualları araşdırmaçı jurnalist, dini mövzular üzrə mütəxəssis Rəsul Mirhəşimli ilə müzakirə edib.

Ekspert bildirib ki, İslam ailə hüququnda mehriyyə qadının şəxsi və mülki hüququ kimi müəyyən edilir:

“İslam ailə hüququnda mehriyyə, yaxud mehr nikah zamanı kişinin qadına verməyi öhdəsinə götürdüyü maddi haqdır. Bu məsələ bəzən yalnız toy mərasiminin formal şərti və ya dini adət kimi təqdim edilir. Halbuki Qurani-Kərimin yanaşmasında mehriyyə qadının şəxsi və mülki hüququ kimi müəyyən edilir. Onun əsas xüsusiyyəti də budur ki, mehriyyə qadının ailəsinə, atasına və ya digər qohumlarına deyil, bilavasitə qadının özünə məxsusdur.

Allah-Təala Quran-Kərimdə buyurur: “Qadınlara mehrlərini könül xoşluğu ilə verin. Əgər onlar öz xoşluqları ilə mehrdən sizə bir şey bağışlasalar, onu könül rahatlığı ilə götürün” (“Nisa” surəsi, ayə 4). Bu ayə mehriyyənin mahiyyətini kifayət qədər aydın göstərir. Mehr qadına verilməli olan bir haqdır və qadın həmin haqq üzərində özü müstəqil qərar vermək səlahiyyətinə malikdir”.

Mehr adi hədiyyə deyil

Rəsul Mirhəşimli mehriyyənin adi hədiyyə kimi qiymətləndirilməsinin doğru olmadığını qeyd edib:

“Bu baxımdan mehriyyəni “kişinin qadına etdiyi adi hədiyyə” kimi qiymətləndirmək düzgün olmaz. Hədiyyə könüllü xarakter daşıya bilər, mehriyyə isə nikah münasibətinin yaratdığı maliyyə öhdəliyidir. Qurani-Kərimdə mehriyyənin verilməsi əmr edilir. “Nisa” surəsinin 24-cü ayəsində də nikah çərçivəsində qadınlara müəyyən edilmiş haqlarının verilməsi əmr olunur və tərəflərin sonradan qarşılıqlı razılaşma aparmasına imkan tanınır.”

Mehriyyənin məbləği necə müəyyənləşdirilir?

Ekspert bildirib ki, Qurani-Kərimdə bütün qadınlar üçün vahid mehriyyə məbləği müəyyən edilməyib:

“Qurani-Kərim mehriyyənin məbləği məsələsində konkret olaraq bütün qadınlar üçün vahid rəqəm müəyyən etmir. Yəni “hər nikahda mütləq bu qədər manat, bu qədər qızıl və ya bu qədər əmlak olmalıdır” formasında ümumi məbləğ göstərilmir. Bu, mehrin müəyyən edilməsində tərəflərin imkanlarının, razılığının və cəmiyyətin qəbul etdiyi ölçülərin nəzərə alınmasına imkan verir.

Digər tərəfdən, çox aşağı məbləğ müəyyənləşdirməklə qadının hüququnu formal səviyyəyə endirmək də İslamın mehriyyəyə verdiyi mahiyyətlə uyğun gəlmir. Əsas meyar qarşılıqlı razılıq, ədalət, qadının haqqının real təmin olunması və kişinin üzərinə götürdüyü öhdəliyi yerinə yetirə biləcək vəziyyətdə olmasıdır. Buna görə mehriyyənin məbləğini müəyyənləşdirərkən “nə qədər çox olsa, bir o qədər yaxşıdır” yanaşması da, “simvolik olaraq hər hansı rəqəm yazmaq kifayətdir” düşüncəsi də birtərəfli yanaşmadır”.

Ər mehriyyəni geri ala bilərmi?

Rəsul Mirhəşimli bildirib ki, mehriyyənin qadının mühüm maliyyə hüququ olduğunu göstərən müddəalar Qurani-Kərimdə də öz əksini tapır:

“Qurani-Kərimdə mehriyyənin qadının əhəmiyyətli maliyyə hüququ olduğunu göstərən daha bir mühüm məqam “Nisa” surəsinin 20-ci ayəsində əksini tapır. Ayədə qadına böyük miqdarda mal verilmiş olsa belə, kişinin onu geri almağa haqqının olmadığı bildirilir: “Onlardan birinə bir yığın mal vermiş olsanız belə, ondan heç bir şeyi geri almayın”. Bu hökm mehriyyənin nikahdan sonra kişinin istədiyi vaxt geri götürə biləcəyi vəsait olmadığını göstərən mühüm prinsipdir.

Mehriyyə müəyyən edildikdən və qadının haqqına çevrildikdən sonra ər onu özbaşına geri tələb edə bilməz. Qadının razılığı olmadan onun mehrinə əl qoymaq İslamın müəyyən etdiyi hüquq prinsipi ilə ziddiyyət təşkil edir. Qadının şəxsi mülkiyyəti kimi ona verilmiş mehriyyə üzərində qərar vermək səlahiyyəti də qadına aiddir”.

Qadın mehriyyəsini nə vaxt tələb edə bilər?

Ekspertin sözlərinə görə, qadının mehriyyəni tələb etmək hüququ onun nikah zamanı müəyyən edilmiş şərtlərindən asılıdır:

“Bir çox hallarda bu sual ortaya çıxır. Qadın mehriyyəsini istədiyi vaxt ərindən tələb edə bilərmi? Ümumi prinsip etibarilə bu suala “bəli” cavabı verilir, lakin bunun konkret qaydası mehriyyənin nikah zamanı necə müəyyənləşdirilməsindən asılıdır. Əgər mehr dərhal ödənilməsi nəzərdə tutulan mehriyyədirsə, qadın onu nikahdan sonra tələb etmək hüququna malikdir. Əgər mehrin müəyyən hissəsinin və ya hamısının sonrakı tarixdə, məsələn, boşanma və ya digər razılaşdırılmış vaxtda ödənilməsi şərtləşdirilibsə, həmin razılaşma nəzərə alınır”.

Həmsöhbtimiz deyir ki, nikah zamanı mehriyyənin şərtlərinin aydın müəyyənləşdirilməsi sonradan yarana biləcək mübahisələrin qarşısının alınması baxımından əhəmiyyətlidir:

“Bu baxımdan nikah zamanı mehriyyənin şərtlərinin aydın şəkildə müəyyənləşdirilməsi sonradan yarana biləcək mübahisələrin qarşısını alır. Məbləğ, əmlakın növü, ödəniş vaxtı və digər şərtlər mümkün qədər aydın ifadə olunmalıdır. Çünki mehriyyə yalnız dini mərasim zamanı deyilən bir rəqəm deyil, kişinin üzərinə düşən maliyyə öhdəliyidir”.

Qadın mehriyyəni ərinə bağışlaya bilərmi?

Rəsul Mirhəşimli bildirib ki, qadının mehriyyədən imtina etməsi yalnız onun sərbəst iradəsi ilə mümkündür:

“Qadının mehriyyəsini ərinə bağışlaması məsələsində isə Qurani-Kərim açıq şəkildə qadının sərbəst iradəsini əsas götürür. “Nisa” surəsinin 4-cü ayəsində qadının mehrdən öz xoşluğu ilə müəyyən hissəni ərinə bağışlaması halında kişinin həmin hissəni götürməsində günah olmadığı bildirilir. Burada əsas ifadə “öz xoşluğu ilə” mənasını verən şərtdir. Yəni qadın təzyiq, qorxu, məcburiyyət və ya ailə təzyiqi altında deyil, həqiqətən öz iradəsi ilə razılaşmalıdır.

Bu prinsip qadının mehriyyə üzərində mülkiyyət hüququnu da təsdiqləyir. İnsan yalnız özünə məxsus olan şeyi bağışlaya bilər. Deməli, qadının mehriyyəni bağışlamaq səlahiyyətinin olması onun həmin əmlak üzərində hüquq sahibi olduğunu göstərir. Ər qadını “mehrindən imtina et” deyə məcbur edə bilməz. Qadın özü könüllü şəkildə imtina edərsə, bu başqa məsələdir”.

Mehriyyə ailənin gündəlik xərcləri ilə eyniləşdirilə bilməz

Ekspert mehriyyənin ailənin gündəlik təminatı ilə qarışdırılmamalı olduğunu vurğulayıb:

“Mehriyyənin başqa bir mühüm xüsusiyyəti onun qadının gündəlik yaşayış xərcləri ilə eyniləşdirilməməsidir. Ər-arvadın ailə daxilində maddi təminat məsələləri ayrıca hüquq və məsuliyyətlər doğurur. Mehriyyə isə nikahın qadına verdiyi ayrıca maliyyə haqqıdır. Bu səbəbdən “mən onsuz da evin xərclərini çəkirəm, ona görə mehriyyə verməyə ehtiyac yoxdur” arqumenti dini baxımdan mehriyyə öhdəliyini avtomatik aradan qaldırmır”.

Azərbaycanda dini nikahın hüquqi statusu

Rəsul Mirhəşimli mehriyyənin dini və hüquqi tərəflərinin bir-birindən fərqləndirilməsinin vacibliyini də qeyd edib:

“Müasir şəraitdə mehriyyənin hüquqi tərəfi ilə dini tərəfini də bir-birindən fərqləndirmək vacibdir. Azərbaycanda dövlət yalnız dövlət qeydiyyatında bağlanmış nikahı hüquqi baxımdan tanıyır. Yəni dini kəbininin özü hüquqi əhəmiyyət daşımır və dövlət qeydiyyatından kənarda bağlanan dini nikah hüquqi nəticə yaratmır. Buna görə dini nikahın mövcudluğu qadının dövlət qarşısında avtomatik olaraq ər-arvad statusundan irəli gələn hüquqlarını təmin etmir.

Məhz buna görə Azərbaycanda dini kəbin kəsilərkən rəsmi nikahın əvvəlcədən bağlanması və nikah şəhadətnaməsinin təqdim olunmasının tələb edilməsi mühüm hüquqi qoruma ənənəsinə çevrilib. Bunun mahiyyəti dini ayinin qarşısını almaq deyil, dini kəbininin dövlət tərəfindən tanınan hüquqi nikahla əlaqələndirilməsidir. Azərbaycan qanunvericiliyində dini nikahın hüquqi nəticə doğurmadığı nəzərə alınaraq, bu yanaşma xüsusilə qadının və gələcək uşaqların hüquqlarının qorunması baxımından əhəmiyyətlidir.”

Mehriyyə yalnız nikah zamanı deyilən rəqəm deyil

Ekspert hesab edir ki, mehriyyənin mahiyyətini yalnız pul məbləği ilə məhdudlaşdırmaq düzgün yanaşma deyil:

“Mehriyyənin mahiyyətini yalnız “kəbin zamanı deyilən pul məbləği” kimi izah etmək düzgün deyil. O, İslam hüquq düşüncəsində qadının maddi haqqının tanınmasının mühüm formalarından biridir. Qurani-Kərim kişiyə qadının mehrini verməyi əmr edir, qadının öz razılığı olmadan həmin haqqın mənimsənilməsinə yol vermir və qadının könüllü şəkildə öz mehrinin bir hissəsindən imtina edə biləcəyini qəbul edir.

İslamın mehriyyə ilə bağlı əsas mesajı əslində sadədir. Qadın nikah bağlandığı andan etibarən hüquqsuz tərəf deyil, əksinə, Qurani-Kərim onun özünə məxsus maliyyə haqqını tanıyır və həmin haqqın verilməsini kişiyə öhdəlik kimi qoyur. Azərbaycan şəraitində isə bu dini prinsipin dövlət hüququ ilə qarışdırılmaması, dini kəbindən əvvəl rəsmi nikahın rəsmiləşdirilməsi və tərəflərin əmlak hüquqlarını mümkün qədər yazılı şəkildə müəyyən etməsi həm dini məsuliyyət, həm də hüquqi təhlükəsizlik baxımından daha düzgün yanaşmadır”.

Günay İlqarqızı