Hesablamalara görə, 2026-cı ildə Bakı şəhərində torpaq sahələrinin qiyməti orta hesabla 17% artıb. Rayonlar üzrə ən yüksək artım Səbaildə qeydə alınıb. Nisbətən aşağı artım isə Binəqədi, Sabunçu, Suraxanı, Pirallahı və Qaradağ rayonlarında müşahidə olunub.
Bəs ev almaq istəyən vətəndaş indi nə etməlidir – gözləməlidir, yoxsa imkanının çatdığı evi almalıdır? Qarşıdakı aylarda daşınmaz əmlakın qiymətində yenidən artım gözlənilir, yoxsa bazarda sabitlik yarana bilər? Son vaxtlar səsləndirilən “süni qiymət artımı” fikri nə dərəcədə əsaslıdır?
Qaynarinfo bu suallarla Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruca müraciət edib.
Sədr bildirib ki, daşınmaz əmlak bazarında hazırkı qiymət artımını süni hesab etmək olmaz:
“Çox məsuliyyət tələb edən bir cavabdır. Vətəndaşın ağlından keçən suala cavab olaraq bildirim ki, bu, süni qiymət artımı deyil. Qiymətlərin geriyə dönüşü və ya ucuzlaşacağı ilə bağlı əsas yoxdur.
Tikinti materiallarının qiyməti artır? Bəli, artır. Manatın alıcılıq qabiliyyəti aşağı düşür? Bəli, düşür. İnflyasiya artır? Artır.
İşçi qüvvəsinin əməkhaqları da məcburən artırılıb. Çünki mövcud dövrdə artan qiymətlərin qarşılığında onlara aşağı əməkhaqqı vermək mümkün deyil. Artıb? Bəli, artıb.
Torpaq sahəsi getdikcə azalır, məhdudlaşır, qiymətləri artır? Bəli, artıb. Bu, təbii bir artımdır. Burada heç bir spekulyativ artımdan söhbət gedə bilməz”.

Vüqar Orucun sözlərinə görə, gələcəkdə daşınmaz əmlakın ucuzlaşması üçün ciddi iqtisadi böhran və ya digər kataklizmlər baş verməlidir:
“Belə olan halda evlər gələcəkdə nə vaxt ucuzlaşa bilər? Ciddi bir kataklizm, hadisə, böhran, iflas, Allah eləməsin, dövlətdə hər hansı bir problem olsa, bazar zəifləyə bilər.
Əhalinin maddi durumunda da kifayət qədər pisləşmə baş verə bilər və bu, qiymətlərin müəyyən mənada azalmasına səbəb ola bilər. Çünki tələb olmadıqda təklif uzun müddət mövcud səviyyədə qala bilməz. Təklif edənlər məcbur olacaqlar ki, bu halda qiymətləri endirsinlər.
Ancaq biz dövlətimizə, hökumətimizə inanırıq. İnanırıq ki, Azərbaycan dövlətində o cür kataklizmlər olmayacaq. Belə olan halda inkişaf etməkdə olan bir dövlətdə niyə evlər, mənzillər ucuzlaşsın?”
Qiymətləndiricilər Cəmiyyətinin sədri hesab edir ki, hazırda ev almaq imkanı olan şəxslər daşınmaz əmlaka investisiya qoymağı düşünməlidirlər:
“Düşünürəm ki, əgər bu gün ev almağa imkanı olan şəxs varsa, o, mütləq daşınmaz əmlaka investisiya qoymalıdır, ev almalıdır. Çünki getdikcə qiymətlər artır və bugünkü imkan sabah olmaya bilər və yaxud da ki, qiymətlərin artımı sabah həmin vətəndaşın büdcəsi ilə ayaqlaşmaya bilər.
Ona görə də nə qədər tezdirsə, nə qədər imkan varsa, daşınmaz əmlaka investisiya qoymağı məqsədəuyğun sayıram”.
Günay İlqarqızı
Şərhlər