Lüks saatçılığın əfsanəvi markası "Patek Philippe"in prezidenti Tyerri Ştern şirkətin satılacağı barədə iddiaları növbəti dəfə qəti şəkildə təkzib edib. Ştern markanın özəl və müstəqil strukturunu qoruyacağını vurğulayıb.
Qaynarinfo xəbər verir ki, illərdir "Patek Philippe"in "Rolex", "LVMH" qrupu və ya özəl investisiya fondlarına satıla biləcəyi ilə bağlı iddialar gündəmdə qalırdı. Ötən həftə Milanda keçirilən "Watch Art Grand Exhibition" tədbirində jurnalistlərlə görüşən Tyerri Ştern "Məqsədimiz müstəqil qalmaqdır" deyərək bu iddialara bir daha son qoyub.

Yeni nəsil idarəçiliyə hazırlaşır
Şternin açıqlamaları şirkətin idarəçiliyinin nəsillər arasında ötürülməsi məsələsini də gündəmə gətirib. Milandakı tədbirdə Tyerri Şterni 24 yaşlı böyük oğlu Adrien Ştern də müşayiət edib. Şirkəti oğullarına təhvil vermə planları barədə sualı cavablandıran Ştern deyib:
"Müəyyən edilmiş bir təqvimimiz yoxdur. Atam 75 yaşına qədər vəzifəsinin başında olub, amma bu, mənim üçün çox gec yaşdır. Daha tez ayrılmaq istərdim, lakin hər zaman onların arxasında olacağam."
1970-ci il təvəllüdlü və "Patek Philippe"in bütün səhmlərinə sahib olan 56 yaşlı Tyerri Ştern hələ pensiya yaşından uzaqdır. Şternin idarəçiliyi təhvil verməzdən əvvəl oğullarına işi tam öyrənmələri üçün ən azı daha 10 il vaxt verməsi gözlənilir.
Tam mülkiyyətin verdiyi azadlığa diqqət çəkən Ştern deyib:
"Müstəqil olmaq mənə öz taleyimi və strategiyamı müəyyənləşdirməyə imkan verir. Mənə nə edəcəyimi deyən heç kim yoxdur. Səhmdarlar həmişə ilk növbədə pula baxırlar. Lakin səhmlərin 100 faizinə sahib olduğum üçün nə edəcəyimə özüm qərar verə bilirəm."
Ştern ailəsinin "Patek Philippe" ilə 4 nəsillik yolu
Ştern ailəsinin Cenevrə saat istehsalçısı üzərində hakimiyyəti Böyük Depressiya dövrünə – 1932-ci ilə gedib çıxır. Markanın əsas siferblat təchizatçılarından biri olan "Stern Frères" şirkətinin sahibləri Çarlz və Jan Ştern qardaşları maliyyə çətinliyi yaşayan müəssisəni satın alaraq bu tarixi yolun əsasını qoyublar.
1935: Çarlz Şternin oğlu Anri Ştern şirkətə kommersiya direktoru kimi qoşulub. O, ABŞ-da "Henri Stern Watch Agency" şirkətini yaradaraq Amerikanı markanın qlobal uğurunda əsas bazarlardan birinə çevirib.
1958: Anri Ştern atasından prezident vəzifəsini təhvil alıb.
1963: Anrinin oğlu Filip Ştern ailə şirkətinə qoşulub.
1966: Cenevrəyə qayıdan Filip Ştern 1970-ci illərdə İsveçrənin mexaniki saatçılıq sektorunu sarsıdan "kvars böhranı" dövrünü atası ilə birlikdə idarə edib.
1993: Filip Ştern prezident vəzifəsini tutub. Bu dövr markanın "qızıl dövrü" kimi tarixə düşüb.
"Calatrava" (1932), "Daimi təqvim" (1940-cı illər), "Golden Ellipse" (1968) və Cerald Gentanın dizayn etdiyi "Nautilus" (1976) kimi ikonik kolleksiyalar hazırlanıb.
İstehsal Cenevrə yaxınlığındakı Plan-le-Uatdakı müəssisələrdə şaquli inteqrasiya prinsipi əsasında bir dam altında cəmləşdirilib.
Qlobal distribusiya şəbəkəsi peşəkarlaşdırılıb və səlahiyyətli satıcı sistemi formalaşdırılıb.
1999-cu ildə başladılan məşhur "Siz heç vaxt "Patek Philippe" saatına tam sahib ola bilməzsiniz..." ("Generations") reklam kampaniyası ilə marketinq strategiyası gücləndirilib.
2001-ci ildə açılan "Patek Philippe" Muzeyi ilə markanın zəngin irsi qoruma altına alınıb.

Gələcəyə daşınan miras
Filip Şternin oğlu Tyerri Ştern 2003-cü ildə vitse-prezident kimi, 4-cü nəsil nümayəndəsi statusunda şirkətin rəhbərliyinə daxil olub və 2009-cu ildə prezident vəzifəsini təhvil alıb.
Öz irsini formalaşdıran Tyerri Ştern Plan-le-Uatda nəhəng yeni PP6 istehsal müəssisəsini yaradaraq ənənəvi saatçılıq sənətinin gələcək nəsillərə ötürülməsini təmin edib. O, həmçinin 2024-cü ildə "Cubitus" kolleksiyasını təqdim edib.
1932-ci ildə Böyük Depressiya böhranının astanasında olan müəssisə kimi satın alınan "Patek Philippe" hazırda İsveçrənin dördüncü ən böyük saat istehsalçısıdır.
"Мorgan Stanley" və "LuxeConsult" şirkətlərinin məlumatlarına görə, markanın 2025-ci ildə illik satış həcminin təxminən 2,5 milyard İsveçrə frankı, yəni 2,67 milyard avro olduğu təxmin edilir.
Aydın
Şərhlər