ABŞ dövlət katibi Marko Rubio Vaşinqtondan gələn gərgin siyasi ritorika və "səfir mübahisələri" fonunda üç NATO ölkəsini əhatə edən Avropa turuna başlayıb.
Qaynarinfo xəbər verir ki, "buzları əritmək" məqsədi daşıyan səfərin ilk dayanacağı İslandiya olub. Daha sonra Rubio Yunanıstan və Portuqaliyaya səfər edəcək.
Gündəmində iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq var
ABŞ Dövlət Departamentinin açıqlamasına görə, Rubionun Reykyavikdə keçirəcəyi görüşlərin əsas gündəmində "iqtisadi və təhlükəsizlik əməkdaşlığı" məsələləri yer alıb.
Rubio sosial media hesabında etdiyi paylaşımda İslandiyaya səfərinin "təhlükəsiz Arktika, daha güclü ticarət və enerji əlaqələri, eləcə də daha sıx müdafiə əməkdaşlığı" kimi ortaq prioritetlərin inkişaf etdirilməsinə yönəldiyini bildirib.
"Yaxşı dost"la gərgin münasibətlər
ABŞ dövlət katibi İslandiyanı "yaxşı dost" adlandırsa da, son dövrlərdə iki ölkə arasında münasibətlərdə zaman-zaman gərginlik yaşanıb. Bu gərginliklər xüsusilə Qrenlandiya ilə bağlı razılaşmadan əvvəl artıb.
Ötən ay ABŞ Prezidenti Donald Tramp ABŞ bayrağının rənglərinin Qrenlandiya və İslandiyanı da əhatə etdiyini göstərən xəritə paylaşmışdı.
Bu paylaşımın ardından Rubionun bu gün görüşdüyü İslandiyanın xarici işlər naziri Torqerdur Katrin Qunnarsdottir ABŞ-ın Reykyavikdəki səfiri Billi Lonqu Xarici İşlər Nazirliyinə çağıraraq sözügedən paylaşımın "qəbuledilməz" olduğunu ona çatdırdığını bildirib.
Trampın Qrenlandiya barədə danışarkən adları qarışdıraraq dəfələrlə İslandiyanın adını çəkməsi də Reykyavik-Vaşinqton xəttində onsuz da gərginliyi artırıb.
"Səfir" böhranı
Missuri ştatından olan keçmiş konqresmen, ABŞ-ın Reykyavikdəki səfiri Billi Lonq da İslandiyada mübahisələrə səbəb olub.
Lonqun avqust ayında vəzifəsinin icrasına başlamasından əvvəl, bu ilin əvvəlində İslandiyanın "ABŞ-ın 52-ci ştatı olması" və özünün də həmin ştata qubernator təyin edilməsi ilə bağlı etdiyi zarafata görə minlərlə islandiyalı onun səfirliyə təyin olunmasının rədd edilməsini tələb edən imza kampaniyasına başlayıb. Lonq daha sonra bu zarafatına görə üzr istəyib.
Digər tərəfdən, Lonq Tramp administrasiyasının İslandiyada narazılığa səbəb olan ilk səfiri deyil. Trampın ilk prezidentliyi dövründə vəzifədə olan səfir Cefri Ross Qanter də cinayətkarlıq səviyyəsinin son dərəcə aşağı olduğu Reykyavikdə özü üçün silahlı mühafizəçilər ayrılmasını tələb edərək ada sakinlərini təəccübləndirib və tənqidlərin hədəfinə çevrilmişdi.
Yunanıstanda da səfir böhranı
Rubionun növbəti dayanacağı Afinada da səfir böhranı gündəmə gəlib.
"The Wall Street Journal" qəzetinin ötən ay dərc etdiyi xəbərdəki iddialara görə, ABŞ-ın Afinadakı səfiri Kimberli Qilfoyl yunan və amerikalı rəsmilərin də iştirak etdiyi şam yeməyində Yunanıstanın ətraf mühit və enerji naziri Stavros Papastavru ilə mübahisə edib.
Vaşinqtonun Rumıniya hökumətinin istefasında rol oynadığını eyham edən Qilfoylun "Bunu istədiyimiz istənilən ölkədə edə bilərik. Burada da edə bilərik" dediyi iddia olunur.
Ötən həftə məsələ ilə bağlı açıqlama verən Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis "Yunanıstan hökumətinə qarşı hər hansı təhdid olmayıb və belə bir şeyə heç vaxt dözmək olmaz" deyib.
Afinada yüksək səviyyəli təhlükəsizlik tədbirləri
Rubionun səfərindən əvvəl solçu qrupların etiraz çağırışları səbəbindən Afinada geniş təhlükəsizlik tədbirləri görülüb və şəhər mərkəzində nümayişlərin keçirilməsi qadağan edilib.
Sosial mediada yayılan etiraz çağırışlarında "Rubio istənilmir. ABŞ, NATO və Aİ-nin qəssabları ölkədən uzaq dursun" ifadələrindən istifadə olunub.
Rubio səfərdən əvvəl jurnalistlərə açıqlamasında "Yunanıstan ABŞ-ın çox mühüm müttəfiqidir. Bura təkcə hərbi mövcudluğumuzun deyil, həm də güclü iqtisadi əlaqələrimizin olduğu yerdir" deyib.
Görüşlərdə F-35 məsələsinin də müzakirə olunacağı gözlənilir. Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisin açıqlamalarına görə, ölkə pilotların hazırlığına 2027-ci ildə başlanması şərtilə 20 ədəd "F-35" qırıcısı almaq istəyir.
Rubio cümə axşamı Lissabona edəcəyi qısa səfərlə Avropa turunu başa çatdıracaq.
Aydın
Şərhlər